Cəmiyyət

DSMF BMT-nin mükafatına layiq görüldü

25 Jun 2026, 19:55 2 baxış
DSMF BMT-nin mükafatına layiq görüldü

Son illər ölkəmizdə aparılan uğurlu sosial islahatlara BMT tərəfindən də yüksək qiymət verilməsinin əyani təsdiqi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi" kateqoriyası üzrə "Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri" təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.


Bu barədə Axar.az-a ƏƏSMN-dən məlumat verilib.


BMT-yə 63 ölkədən təqdim olunmuş 700 təşəbbüs arasından DSMF və digər ölkələrdən 7 müvafiq dövlət qurumu bu mükafatla təltif edilib.


İyunun 23-25-də Gürcüstanın Tiflis şəhərində keçirilən, 100-ə yaxın ölkədən 420 nümayəndənin iştirak etdiyi BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil olunan təltifetmə mərasimində mükafat DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim olunub.


Fond sosial təminat sahəsində son illər həyata keçirdiyi innovativ islahatlara, xüsusilə sosial ödənişlərin proaktiv qaydada təyin olunmasına, rəqəmsal texnologiyalar əsasında qurulmuş vətəndaşyönümlü xidmət modelinə, sosial xidmətlərin əlçatanlığının, operativliyinin, şəffaflığının və inklüzivliyinin artırılması istiqamətində əldə etdiyi mühüm uğurlara görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.


BMT-nin rəsmi bəyanatına görə, onun Dövlət Xidməti Mükafatı ("UN PSA") dövlət xidmətləri sahəsində mükəmməlliyin tanınmasıdır. Bu mükafatla dünyanın müxtəlif ölkələrində daha səmərəli və çevik dövlət idarəçiliyinin formalaşmasına töhfə verən dövlət qurumlarının yaradıcı nailiyyətləri və fəaliyyət nəticələri təltif edilir.


Qeyd edək ki, Forumun "Heç kəsi geridə qoymamaq üçün inteqrasiya olunmuş xidmət göstərmə sistemləri" mövzusunda keçirilən panel iclasında da Azərbaycanda son illər sosial sığorta və sosial təminat sahəsində aparılan islahatların uğurları, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə ətraflı məlumat verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər