Cəmiyyət

Emin Əmrullayevdən təhsil haqqı ilə bağlı qalmaqala dair YENİ AÇIQLAMA

24 Jun 2026, 16:12 2 baxış
Emin Əmrullayevdən təhsil haqqı ilə bağlı qalmaqala dair YENİ AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil xərcləri ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Oxu.Az xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Azərbaycanda bir tələbəyə düşən təhsil xərci inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır və bu amil təhsilin keyfiyyətinə təsir göstərir. "Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir. Təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir. Ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır", - deyə nazir qeyd edib. E.Əmrullayev bəzi ölkələrdə ali təhsilin "pulsuz" olması ilə bağlı fikirlərə də münasibət bildirib: "Əvvəla, "pulsuz" təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10-18 min avro təşkil edir. Tələbələrin ödədiyi 500-1000 avro isə təhsil haqqı deyil, qeydiyyat haqqıdır. Bu ölkələrdə təhsilin xərci dövlət tərəfindən qarşılanır". Nazir vurğulayıb ki, Azərbaycanda da hər il bakalavr pilləsi üzrə qəbul olunanların yarıdan çoxunun təhsil xərci dövlət tərəfindən maliyyələşdirilir: "Dövlət iqtisadiyyatın gələcək ehtiyaclarını nəzərə alaraq zəruri sayda vətəndaşın təhsilini öz üzərinə götürür. Bəzi ixtisaslar, o cümlədən tibb və kənd təsərrüfatı sahələri tamamilə dövlət sifarişi əsasında maliyyələşir". Emin Əmrullayev ölkədə ödənişli təhsilin mövcudluğunu ali təhsilə yüksək tələbatla əlaqələndirib: "Ölkədə ali təhsil almaq istəyənlərin sayı çoxdur. Dövlət isə yalnız zəruri hesab etdiyi sayda vətəndaşı maliyyələşdirir. Bir çox abituriyentlər dövlət hesabına başqa ixtisaslarda oxumaq imkanı əldə etsələr də, arzuladıqları ixtisasları ödənişli əsaslarla seçirlər". Nazirin sözlərinə görə, bəzi ixtisaslar üzrə mövcud təhsil haqları keyfiyyətli mütəxəssis hazırlamaq üçün kifayət etmir: "Azərbaycanda kompüter mühəndisi, maliyyə mütəxəssisi və ya inşaat mühəndisi olmaq üçün illik təhsil haqqı 1500-2000 manat təşkil edir. Bu məbləğə keyfiyyətli, qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil. Çox aşağı qiymətə olan təhsilin yekun nəticəsi ən yaxşı halda diplom ola bilər". E.Əmrullayev qeyd edib ki, səsləndirdiyi fikirlərin məqsədi təhsil haqlarının artırılmasını təklif etmək deyil: "Məqsəd bu reallığı konstruktiv şəkildə müzakirə etməkdir. Dövlət sifarişi, SABAH qrupları, ikili diplom proqramları və digər modellər çərçivəsində təhsil alan tələbələrin xərcləri dövlət tərəfindən qarşılanır. Dövlət bu istiqamətdə maliyyələşməni mərhələli şəkildə artırır". Nazir əlavə edib ki, ali təhsildə kəmiyyətlə yanaşı keyfiyyət də nəzərə alınmalıdır: "Bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu almaq əvəzinə keyfiyyətli peşə təhsili almaq seçimini də düşünmək lazımdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər