Siyasət

Hikmət Babaoğlu: "İran TRIPP layihəsindən qorxur, Ermənistanı da qorxutmağa çalışır"

18 Jun 2026, 20:36 1 baxış
Hikmət Babaoğlu: "İran TRIPP layihəsindən qorxur, Ermənistanı da qorxutmağa çalışır"
İranın Ermənistandakı səfirinin TRIPP layihəsi ilə bağlı səsləndirdiyi fikirləri Oxu.Az-a şərh edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, İran diplomatiyası mühafizəkar xarakter daşıyır və klassik diplomatik ənənələrə söykənərək siyasət həyata keçirir. Onun sözlərinə görə, bu baxımdan İranın Ermənistandan keçəcək TRIPP marşrutunun təhlükəsizlik məsələləri, hüquqi rejimi və ya statusu ilə bağlı əlavə izahat tələb etməsi mümkündür: "Ancaq mənə elə gəlir ki, bu, izahatdan daha çox məlumat əldə etmək cəhdləridir. Məsələnin birinci tərəfi budur". Deputat qeyd edib ki, İran əvvəldən Zəngəzurdan keçəcək hər hansı dəhlizin, marşrutun və ya yolun əleyhinə çıxış edib: "Xüsusən onun bu addımları regional sülhə qarşı hesablanmış addımlar kimi qiymətləndirilməlidir. Çünki İran hesab edir ki, əgər Zəngəzur marşrutu açılarsa, regional kommunikasiyalar və yükdaşımalar prosesindən kənarda qala bilər, İranın geostrateji əhəmiyyəti azala bilər. Eyni zamanda, İranın region ölkələrinə təzyiq imkanları onun əlindən çıxa bilər. Çünki nəticə etibarilə İranın Azərbaycana və Türkiyəyə, Cənubi Qafqaza hesablanmış siyasəti imperialist iddialara bürünmüş siyasətdir". H.Babaoğlu vurğulayıb ki, normal dövlətlərarası münasibətlərdə bu cür yanaşmalar qəbulolunan deyil: "Normal dövlətlərarası münasibətlərdə bu cür qeyri-hüquqi, qeyri-siyasi və qeyri-etik iddialar irəli sürülməməlidir. Ancaq İran bunu edir". Deputatın fikrincə, məsələnin digər tərəfi İranla ABŞ arasında aparılan danışıqlarla bağlıdır: "İran və Amerika Birləşmiş Ştatlarında danışıqların tam razılaşdırılması üçün əvvəlcədən müəyyənləşdirilmiş 60 günlük müddət İran üçün qırmızı xəttdir. Hər kəsə aydındır ki, 60 gün ərzində bütün mümkün problemləri tam razılaşdırmaq mümkün olmayacaq. Bu müddət çox güman ki, ilin sonuna qədər uzadılacaq. Trampın aralıq seçkidə əldə etdiyi nəticələrdən sonra onun razılaşma ilə bağlı mövqeyi də dəyişə bilər". Onun sözlərinə görə, İranın məhz bu müddəti qabartması Ermənistanı TRIPP layihəsi və Zəngəzur dəhlizi ilə bağlı praktik addımlardan çəkindirməyə yönəlib: "Mən düşünürəm ki, İranın məhz bu 60 günlük vaxtı irəli sürməsi, əslində, Zəngəzur dəhlizinin, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı Ermənistanı real addımlardan çəkindirmək, layihəni qeyri-müəyyən müddətə qədər təxirə salmaq və ya uzatmaq məqsədi daşıyır. Məqsəd odur ki, yalnız Amerika Birləşmiş Ştatları ilə müəyyən razılıq əldə edildikdən sonra İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini yenidən dəqiqləşdirsin". H.Babaoğlu hesab edir ki, bu yanaşma İranın layihədən narahat olduğunu göstərir: "Bu, İranın Zəngəzur TRIPP layihəsindən həm qorxduğunun əlamətidir, həm də özü qorxduğu halda Ermənistanı qorxutmaq cəhdləridir". Deputat əlavə edib ki, Tehran hələ də regionda baş verən son proseslərin məntiqini tam aydınlaşdıra bilməyib: "İran hələ də nə üçün belə sürətlə atəşkəs rejiminin əldə olunduğunun məntiqi izahını özü üçün aydınlaşdıra bilməyib. Çünki Trampın Hörmüz boğazında olan problemi həll etmək üçün bu cür addım atması ABŞ-nin öz enerjisini başqa istiqamətlərdə maraqlarının qorunmasına yönəltməsindən qaynaqlanıb. Bu maraqlardan biri də elə Zəngəzur yolu, yaxud TRIP layihəsidir". Sonda deputat bildirib ki, Ermənistan daha qətiyyətli mövqe nümayiş etdirməlidir: "Məncə, bu cür yanaşma həddindən artıq eqoist və amiranə yanaşmadır. Ermənistan daha qətiyyətli və cəsarətli addımlar atmalıdır ki, İran onun daxili işlərinə qarışmasın. ABŞ də mümkün qədər layihənin tez reallaşdırılmasına çalışmalıdır ki, Yaxın Şərqdə etdiyi güzəştləri Qafqazda da İran üçün etmək məcburiyyətində qalmasın".
Mənbə oxu.az

Oxşar Xəbərlər