Dünya
Donald Tramp USMCA ticarət sazişinə ehtiyac olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika Birləşmiş Ştatları ABŞ-Meksika-Kanada (USMCA) ticarət sazişi olmadan daha yaxşı inkişaf edə bilər. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Evian-le-Bendən Parisə gələrkən Orli hava limanında jurnalistlərə açıqlamasında bildirib. "Sazişin olmamasını üstün tutardım, ancaq onu imzalaya da bilərəm", - deyə Tramp jurnalistlərə bildirib. O əlavə edib ki, ölkə olaraq heç bir razılaşma olmadan daha uğurlu fəaliyyət göstərirlər. Agentlik qeyd edir ki, hər üç dövlət iyulun 1-dək mövcud sazişin yenilənməsini təsdiqləməli və ya müqavilədən çıxmaq niyyətlərini bildirməlidir. Bu proses isə 10 il çəkəcək və dəyişikliklər üçün əlavə vaxt qazandıracaq. Məlumata görə iyulun 20-dən başlayan həftədə Mexiko şəhərində üçüncü mərhələ görüşlərinin keçirilməsi planlaşdırılır. Kənd təsərrüfatı təşkilatları isə Trampı USMCA-nın müddətini rüsumsuz ferma məhsulları ilə daha 16 il uzatmağa çağırır. Onlar, həmçinin Meksikada geni dəyişdirilmiş qarğıdalı və etanola çıxış şərtlərinin gücləndirilməsini, eləcə də Kanadanın, əsasən, qapalı olan süd məhsulları bazarına girişin asanlaşdırılmasını tələb edirlər. "General Motors", "Ford Motor" və "Stellantis" şirkətlərini təmsil edən qrupun rəhbəri Mett Blant qeyd edib ki, ABŞ və Meksika Şimali Amerikanın avtomobil istehsalı və ticarətinin hazırda qarşılıqlı ticarət sazişləri olan digər avtomobil istehsalçısı ölkələrlə müqayisədə rəqabətdə geri qaldığını başa düşür. O, USMCA-nın nəzərdən keçirilməsi və yenilənməsinin bu problemi həll etmək üçün yaxşı bir fürsət olduğunu vurğulayıb. Altıillik tarixə malik USMCA və onun sələfi olan müqavilə illik təxminən 1.6 trilyon dollarlıq üçtərəfli ticarəti dəstəkləyən yüksəkinteqrasiyalı Şimali Amerika iqtisadiyyatını formalaşdırıb. Lakin bu paktın gələcəyi növbəti aylarda aparılacaq danışıqlardan asılıdır.
Mənbə
oxu.az