Dünya
Avtomobil nəhəngində təhlükə siqnalı: "Volkswagen" strategiyasını dəyişir
Almaniyanın "Volkswagen" şirkətinin rəhbərliyi arasında aparılan anonim daxili sorğuya əsasən, konserndəki vəziyyət əvvəllər güman edildiyindən daha kəskindir. Bu barədə Oxu.Az "Der Spiegel" nəşrinə istinadən məlumat yayıb. Sorğunun nəticələrinə görə, İdarə Heyətinin 9 üzvündən 6-sı avtomobil nəhənginin hazırkı vəziyyətini "şirkətin mövcudluğunu təhdid edən" kimi xarakterizə edib. Digər üç top-menecer vəziyyəti "gərgin" adlandırıb. Maraqlıdır ki, respondentlərin heç biri "kritik olmayan" variantını seçməyib. İştirakçıların hər biri, xüsusilə Çin və Şimali Amerika bazarlarında şirkətin strategiyasının köklü şəkildə yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Nəşr bildirir ki, bu misli görünməmiş daxili qiymətləndirmə konsernə daxil olan brendlərin zəif rüblük hesabatları fonunda baş verib. Mütəxəssislər bunu uzun illərdir Almaniya avtomobil sənayesinin simvolu hesab edilən şirkətdə dərin sistemli böhranın əlaməti kimi qiymətləndirirlər.
Mənbə
oxu.az