Dünya
Honkonqda dəhşətli alovu söndürərkən həlak olan yanğınsöndürənin adı asteroidə verildi
2025-ci ilin noyabr ayında Honkonqdakı yaşayış kompleksində baş verən böyük yanğının söndürülməsində həlak olan yanğınsöndürən Ho Vayhonun adı asteroidə verilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "South China Morning Post" nəşri məlumat verib. Məlumata görə, Beynəlxalq Astronomiya İttifaqının Kiçik Kosmik Obyektlərin Nomenklaturası Komitəsi bu adı təsdiqləyib. 34871 nömrəli kiçik asteroidə "Howaiho" (Hovayho) adı Kanadada yaşayan və ABŞ-də işləyən, Honkonqdan olan həvəskar astronom Uilyam Yon Khuon Yu tərəfindən verilib. O, sözügedən səma cismini 18 oktyabr 2001-ci ildə kəşf edib. Qəzet bildirir ki, yanğınsöndürən Honkonqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub, cəsarəti və fədakarlığı ilə yadda qalıb, ona görə də astronom səma cisminə bu adı vermək qərarına gəlib. Xatırladaq ki, 2025-ci il noyabrın 26-da başlayan və noyabrın 28-də söndürülən yanğın yaşayış kompleksindəki 1 736 mənzili tamamilə məhv edib. İnsanları xilas etməyə çalışan bir yanğınsöndürən də daxil olmaqla, 168 nəfər həlak olub. Təxminən 5 min nəfər evsiz qalıb. Yanğın Honkonqun yeni əraziləri adlanan Tay Po rayonundakı "Wang Fuk Court" kompleksində səkkiz yaşayış binasından yeddisini əhatə edib. Bu yanğın şəhər tarixində yaşayış binasında baş verən ən dəhşətli yanğın olub.
Mənbə
oxu.az