Dünya
İtaliya hökuməti "Baykar" və "Leonardo"nun ortaq müəssisəsinin yaradılmasını təsdiq etdi
Corcia Meloninin başçılıq etdiyi İtaliya hökuməti ölkənin əsas müdafiə sənayesi nəhəngi olan "Leonardo" ilə Türkiyənin "Baykar" şirkəti arasında pilotsuz uçuş aparatlarının (PUA) istehsalı məqsədilə qurulan ortaq müəssisəyə rəsmi icazə verib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata əsasən, İtaliya Respublikası Nazirlər Şurası "Leonardo" və "Baykar"ın bərabər paya (50% - 50%) sahib olacağı, PUA-ların dizaynı, inkişaf etdirilməsi və istehsalını həyata keçirəcək birgə şirkətin yaradılmasına müəyyən şərtlər daxilində razılıq verib. Razılaşmanın təsdiqi zamanı İtaliya hökuməti strateji sahələrdə (müdafiə, təhlükəsizlik, enerji, nəqliyyat və telekommunikasiya) investisiyaları yoxlamaq, veto tətbiq etmək və xüsusi tələblər irəli sürmək səlahiyyəti verən "Qızıl Güc" (Golden Power) mexanizmindən istifadə edib. Şərtlərə görə, ortaq müəssisənin beynəlxalq fəaliyyətləri və ixracatı yalnız Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) və Avropa İttifaqının (Aİ) siyasətini dəstəkləyən dövlətlərlə məhdudlaşdırılacaq. Eyni zamanda, layihə çərçivəsində tətbiq ediləcək texnologiyaların və konfidensial məlumatların tam məxfiliyinin təmin olunması da əsas tələblər sırasındadır. Qeyd edək ki, "Leonardo" və "Baykar"ın "LBA Systems" adlanan ortaq şirkətinin yaradılması 2025-ci ilin mart ayında ictimaiyyətə açıqlanmış, rəsmi müqavilə isə həmin ilin iyun ayında imzalanmışdı.
Mənbə
oxu.az
Oxşar Xəbərlər