Dünya
Finlandiyada tarixi qərar: Qırx illik nüvə qadağasına son qoyuldu
Finlandiya parlamenti ölkədə nüvə silahlarının idxalı, istehsalı, saxlanması və istifadəsinə qoyulan təxminən 40 illik qadağanı aradan qaldıran qanunvericilik düzəlişlərini təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən Skandinaviya ölkəsi parlamentinin rəsmi saytında məlumat verilib. Səsvermənin nəticələrinə əsasən, düzəlişi 125 deputat dəstəkləyib. Parlamentin 61 üzvü bunun əleyhinə səs verib, 13 deputat isə səsvermədə iştirak etməyib. Beləliklə, hökumətin aprel ayında irəli sürdüyü qanun layihəsi çoxluğun səsini toplayıb. Yeni sənədə əsasən, nüvə silahlarının qadağasını nəzərdə tutan maddə nüvə enerjisi haqqında qanundan çıxarılır və bu məsələnin tənzimlənməsi Cinayət Məcəlləsinə daxil edilir. Artıq nüvə silahının ölkəyə gətirilməsi və saxlanılması yalnız Finlandiyanın hərbi müdafiəsi, NATO-nun kollektiv müdafiə strategiyası və ya müdafiə sahəsində əməkdaşlıqla əlaqədar xüsusi hallarda reallaşa bilər.
Mənbə
oxu.az