Dünya
Vanabo-İpeze: "28 iyun seçkisi Yeni Kaledoniyanın müstəqillik prosesində həlledici rol oynayır"
"Yeni Kaledoniyada iyunun 28-nə təyin edilmiş seçki Fransa müstəmləkəçiliyindən müstəqillik uğrunda mübarizə aparan regionun yerli sakinləri üçün mühüm əhəmiyyət daşıyır". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri Kaledoniya İttifaqının fəalı Brenda Vanabo-İpeze "AnewZ"ə müsahibəsində bildirib. O deyib ki, iyunun 28-də keçiriləcək əyalət seçkisi regionun siyasi gələcəyi, həmçinin yerli kanak əhalisinin öz müqəddəratını təyin etməsi məsələsi üçün həlledici əhəmiyyətə malikdir. "Kanaklar haqqında danışarkən vurğulamalıyıq ki, söhbət Fransanın 173 illik müstəmləkəçiliyindən gedir", - o bildirib. Vanabo-İpeze qeyd edib ki, 2024-cü ildən seçicilərin sayının genişləndirilməsi ilə bağlı müzakirələr aparılır. "Seçici korpusunun genişləndirilməsi Yeni Kaledoniyanı Fransa ərazisi kimi görmək istəyənlərin regionda hakimiyyətdə qalması üçün yaradılmış bir illüziyadır", - o qeyd edib. O, həmçinin vurğulayıb ki, Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) bir neçə ildir ki, əyalət seçkisinin keçirilməsində israr edir və onları siyasi prosesin mühüm mərhələsi kimi nəzərdən keçirir. "Bu, həm də Kanak və Okeaniya əhalisinə qarşı ayrı-seçkilik təcrübəsi ilə yadda qalan 40 illik idarəçiliyə son qoymaq imkanı deməkdir", - deyə fəal bildirib. Fransanın tərkibində "Yeni Kaledoniya dövləti" konsepsiyasını şərh edərkən o bildirib ki, FLNKS hərəkatı təklif olunan bir sıra sazişlərə, o cümlədən onun sözlərinə görə, regionun dekolonizasiyası ilə bağlı əvvəllər əldə olunmuş razılaşmalara uyğun gəlməyən qondarma Bujeval sazişinə qarşı çıxır. "Biz bu sazişi Yeni Kaledoniyanın Fransa Respublikasının tərkibində saxlanmasına yönəlmiş bir hiylə hesab edirik", - deyə o qeyd edib. O əlavə edib ki, 2025-ci ildə FLNKS-in fövqəladə konqresində bu sazişin rədd edilməsi barədə qərar qəbul edilib, sonrakı siyasi perspektivlər isə qarşıdan gələn seçkinin nəticələrindən asılı olacaq. Vanabo-İpezenin sözlərinə görə, Kanakiyanın siyasi gələcəyi məsələsi yerli sakinlərin rəyi nəzərə alınmaqla həll edilməlidir.
Mənbə
oxu.az