Dünya
Sİ botaniklərə bitkiləri yox olmaqdan xilas etməyi sürətləndirməyə kömək etdi
Süni intellekt (Sİ) və herbari kolleksiyalarının genişmiqyaslı rəqəmsallaşdırılması alimlərə həyati əhəmiyyətli növlərin yox olmasını qabaqlamaq üçün real şans verir. Oxu.Az xəbər verir ki, bu məlumatlar Kyu Kral Botanika Bağları tərəfindən hazırlanan son hesabatda öz əksini tapıb. Məlumata görə, Sİ-nin köməyi ilə 8 milyon rəqəmsal nümunənin təhlili göstərib ki, iqlim dəyişikliyi səbəbindən çiçəkləmə orta hesabla hər on ildə 2.5 gün yerini dəyişir. Bu, bitkilərin tozlandırıcılarla əsrlik əlaqələrini pozur: məsələn, Hindistanda süpürgəvari terminaliyanın sinxron çiçəkləməsi iki dəfə azalıb. Eyni zamanda, texnologiyalar yaşı 180 il olan muzey göbələklərindən genom əldə etməyə imkan verir. Bildirilir ki, Kyu Kral Botanika Bağları özünün 7.4 milyon nümunəsini, o cümlədən Çarlz Darvinin topladığı nümunələri tam rəqəmsallaşdırıb. Bu gün dünyada onlayn şəkildə 145 milyon qeyd əlçatandır - lakin bu, bütün herbari fondlarının yalnız 16%-ni təşkil edir. Alimlərin fikrincə, tədqiq olunmuş 70 min bitki növünün 40%-ə qədəri təhlükə altındadır, daha təxminən 100 000 bitki növü və təqribən 2 milyon göbələk növü hələ kəşf edilməyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər