Maraqlı
Səyahət öncəsi qidalanma QAYDALARI
Yola çıxmağa və ya təyyarəyə minməyə bir neçə saat qalmış qida seçiminə daha diqqətlə yanaşmaq, xüsusən də şirin xəmir məmulatları və kələmdən imtina etmək məsləhətdir. Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya mütəxəssis-nutrisioloq Marina Jiqulskaya məlumat verib. Ekspert səfər öncəsi qidalanma ilə bağlı aşağıdakı vacib məqamlara diqqət yetirməyi tövsiyə edib: Qaz yaradan qidalardan uzaq durun: Dəqiq siyahı fərdi olsa da, ümumilikdə paxlalılar (lobya, noxud, mərci), böyük porsiya kələm (xüsusilə çiy brokoli və gül kələmi), soğan, təzə bişmiş xəmir məmulatları və qazlı içkilər qaz yaranmasını artırır. Ev şəraitində bu qidalar problem yaratmaya bilər, lakin hərəkətsiz vəziyyətdə (yolda) şişkinlik hissi adətən daha da şiddətlənir. Ağır və yağlı yeməklərdən çəkinin: Yola çıxmazdan dərhal əvvəl kartof fri, burger, şaurma, pendirli pizza və ya qızardılmış ət yemək ən böyük səhvlərdəndir. Bu cür qidaların həzmi uzun çəkir, mədədə ləngiyir və yol boyu ağırlıq, yuxululuq, bəzən isə qıcqırma yaradır. Duz və alkoqoldan qaçın: Çipsi, duzlu çərəzlər, kolbasa, pendir və hazır qəlyanaltılar yalnız susuzluq yaratmır, həm də ödəmi artıra bilir. Bu, natriumun orqanizmdə suyu saxlaması ilə əlaqədardır. Alkoqol isə qısamüddətli sakitləşdirici təsir göstərsə də, sonradan yuxunun keyfiyyətini pisləşdirir, susuzlaşmanı artırır və yüksəklikdə əhval-ruhiyyəni daha da pisləşdirə bilər. Daha təhlükəsiz alternativlər su, yüngül qəlyanaltı, sakit musiqi və nəfəs məşqləridir. Ekzotik yeməkləri sınamayın: Səyahətdən əvvəl yad və ya ekzotik yeməkləri sınaqdan keçirmək məsləhət deyil. Yolda dincəlmək imkanı olmadığı üçün mədə-bağırsaq traktının hər hansı fərdi reaksiyası ciddi narahatlıqla nəticələnə bilər. Uçuşa və ya yola çıxmağa 2-3 saat qalmış yemək lazımdır. Adət etdiyiniz ev yeməkləri - qarnirli toyuq və ya balıq, tərəvəzli omlet, hinduşka əti ilə düyü ən uyğun seçimdir. Əsas odur ki, yemək tanış olsun, çox yağlı olmasın və həzm sistemini yükləməsin.
Mənbə
oxu.az