Maraqlı
Yayda dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən nələrə diqqət etmək lazımdır?
Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasından qorunmaq ən vacib vəzifələrdəndir. Dərinin həm gözəl, həm də sağlam görünməsi üçün bəzi sadə qaydalara riayət etmək lazımdır. Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, prosesə düzgün hazırlıqla başlamaq vacibdir. Günəşə çıxmazdan 48 saat əvvəl edilən zərif pilinq ölü dəri hüceyrələrini təmizləyərək qaralmanın daha bərabər olmasına şərait yaradır, dərinin nəmləndirilməsi isə qabıqlanmanın qarşısını alır. Günəşdən qoruyucu vasitələrdən düzgün istifadə etmək də şərtdir. SPF tərkibli kremlər qaralmağa mane olmur, əksinə, dərinin yanmadan, tədricən melanin istehsal etməsinə imkan verir. Geniş spektrli formullar seçmək və onları hər iki saatdan bir, yaxud hər çimmədən sonra yeniləmək lazımdır. Günəşdə olma rejimi də əhəmiyyətlidir. Qaralmaq üçün optimal vaxtlar səhər saat 11:00-a qədər və axşam 16:00-dan sonradır. Bu saatlarda günəş şüaları daha az aqressiv olur. Əlavə olaraq, rasiona beta-karotin, likopin və antioksidantlarla zəngin qidaları daxil etmək faydalıdır. Bu maddələr dərinin daxildən qorunmasına kömək edir və qaralma tonunun daha isti və dolğun olmasını təmin edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər