Siyasət

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

08 Jun 2026, 22:32 3 baxış
Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.


Qeyd olunub ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq idarəsinin rəisi Məhəmməd Yaqub əl-Ömər rəhbərlik edib.


Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan və Suriya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.


Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, həmçinin Azərbaycan vətəndaşlarının Suriyadan repatriasiyası məsələlərini də müzakirə ediblər.


Suriya tərəfi yeni qurulan konsulluq xidmətlərinin gələcək inkişafı üçün Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər