Siyasət

"Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO

08 Jun 2026, 19:12 2 baxış
"Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO
"Azərbaycan dövləti olaraq biz müharibənin dayandırılması, onun diplomatik və siyasi həllinin tapılması, ən azı ilkin mərhələdə atəşkəsə nail olunması, daha sonra isə qalıcı və uzunmüddətli sülhün əldə edilməsi istiqamətində addımların vacibliyini vurğulayırıq". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirib. Bununla bağlı "Haber Global" "YouTube" kanalında videosüjet yayımlanıb. "Son dövrlərdə Rusiya-Ukrayna müharibəsinin təsirləri, xüsusilə, Qara dəniz və Baltik dənizi hövzələrində daha qabarıq şəkildə hiss olunur. Ötən günlərdə Türkiyəyə məxsus bəzi gəmilərə dron hücumları olub. Eyni zamanda, Azərbaycan vətəndaşlarının da olduğu gəmi Azov dənizində hədəfə alınıb. Keçmişdə Gürcüstan limanlarına qarşı da müəyyən təhdidlər müşahidə olunub. Bu məsələ ilə bağlı qiymətləndirmələrinizi bilmək istərdik", - deyə "Haber Global"ın müxbiri hər üç ölkənin xarici işlər nazirinə sual ünvanlayıb. Ceyhun Bayramov cavabında bildirib ki, hər bir müharibə ciddi risklər yaradır: "Hər bir müharibə özündə çox ciddi risklər ehtiva edir. Müharibənin olduğu yerdə onu müəyyən coğrafi çərçivədə və ya konkret qaydalar daxilində saxlamaq, hadisələrin inkişafını tam proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Buna görə də Azərbaycan hər zaman müharibələrin dayandırılmasının, onların diplomatik və siyasi yollarla həllinin vacibliyini vurğulayıb. Bu gün biz Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişləndiyinin şahidi oluruq. Qara dəniz hövzəsində bu, xüsusilə açıq şəkildə görünür. Müharibənin faciəli nəticələrini hər gün müşahidə edirik. Üç gün əvvəl iki gəmiyə edilən dron hücumu nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, daha dörd nəfər isə yaralanıb. Lakin müharibə davam etdikcə belə hadisələrdən heç kim sığortalanmayıb. Buna görə də həm bu, həm də digər hərbi münaqişələrin dayandırılması strateji baxımdan olduqca vacibdir. Münaqişələr ilk növbədə həmin tərəflərə faciələr gətirir, eyni zamanda qonşu ölkələr, region və bütövlükdə dünya üçün ciddi təhlükələr yaradır. Bu fürsətdən istifadə edərək həm Azərbaycan vətəndaşlarına, həm də dost və qardaş ölkələrin vətəndaşlarına müraciət etmək istəyirəm ki, hərbi münaqişə zonalarından uzaq dursunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər və həyatlarını riskə atmasınlar. Xarici İşlər Nazirliyi olaraq biz mütəmadi xəbərdarlıqlar edirik və bu çağırışı bir daha təkrarlamaq istərdim", - deyə nazir qeyd edib.
Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili də çıxışında ölkəsinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. "Gürcüstan dəfələrlə bölgəmizdə sülh və sabitliyə nə qədər önəm verdiyini bəyan edib. Rusiya-Ukrayna münaqişəsi təhlükəsizlik baxımından ciddi problemlər yaradır və Gürcüstan bunun təsirlərini aydın şəkildə görür. Bizim mövqeyimiz birmənalıdır - münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və sülhün qorunmasına xidmət edən bütün addımların vacib olduğuna inanırıq", - deyə Maka Boçorişvili bildirib. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə müharibənin coğrafi baxımdan genişləndiyini diqqətə çatdırıb. "Hazırda müharibə getdikcə daha geniş coğrafiyaya yayılır. Tərəflərin istifadə etdiyi silah və sursatların Baltik ölkələrində - Estoniya, Litva və digər dövlətlərdə ortaya çıxdığını görürük. Rumıniyanın təsirlərə məruz qaldığını müşahidə edirik. Türk boğazlarına qədər minaların və pilotsuz dəniz vasitələrinin gəlib çatdığını, Gürcüstanın da hədəfə çevrilə bildiyini görürük. Bütün bunlar müharibənin coğrafi yayılmasının miqyasını göstərir. Problemin köklü şəkildə həlli bütün suallara veriləcək ən doğru cavabdır. Bu səbəbdən atəşkəs danışıqlarına böyük əhəmiyyət veririk", - deyə Hakan Fidan bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər