Siyasət
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək
İyunun 8-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək. Oxu.Az bildirir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrə istinadən xəbər verir. Türkiyə xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək görüşdə onun Azərbaycan və Gürcüstandan olan həmkarları Ceyhun Bayramov Maka Boçorişvili iştirak edəcəklər. Qeyd edilir ki, görüşdə üç ölkə arasında mövcud əməkdaşlıq nəzərdən keçiriləcək və növbəti dövr üçün birgə fəaliyyət sahələri müzakirə olunacaq. Regional proseslər, xarici siyasət məsələləri və Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat, regional tranzit şəbəkələrinin gücləndirilməsi, enerji təhlükəsizliyi, ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi görüşün gündəliyinin əsas mövzularını təşkil edəcək. Nazir Fidan geosiyasi qeyri-müəyyənliklərin, iqtisadi kövrəkliklərin və təhlükəsizlik təhdidlərinin artdığı bir dövrdə Cənubi Qafqazın strateji əhəmiyyətinin daha da yüksəldiyini vurğulayacaq. O, son illərdə qlobal tədarük zəncirlərində yaşanan transformasiyanın, enerji təhlükəsizliyi müzakirələrinin və dəyişən geosiyasi dinamikaların fonunda Avropa ilə Asiya arasındakı bağlantı baxımından Orta Dəhlizin əhəmiyyətinin artdığına diqqət çəkəcək. Bu çərçivədə, başda Bakı-Tbilisi-Qars dəmiryolu xətti olmaqla, Orta Dəhlizdə yer alan regional nəqliyyat layihələrinin gücləndirilməsi, logistik şəbəkələrin inkişaf etdirilməsi prioritetlər sırasındadır. Xatırladaq ki, bu formatda ilk görüş 8 iyun 2012-ci ildə Trabzonda (Türkiyə), sonuncusu isə 15 mart 2024-cü ildə Bakıda keçirilib.
Mənbə
oxu.az