Siyasət
Deputat: "Ermənistanda seçkiöncəsi göründü ki, separatizm ideologiyasından tam imtina edilməyib"
"Ermənistanda parlament seçkisi kampaniyasında diqqətçəkən məqamlardan biri proses boyunca Ermənistanın özündən çox Azərbaycanın və Prezident İlham Əliyevin siyasətinin müzakirə olunmasıdır". Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Vasif Qafarov deyib. O bildirib ki, debatlar, siyasi aksiyalar və namizədlərin çıxışları göstərir ki, bu gün regionun siyasi gündəliyini müəyyən edən əsas aktor Azərbaycandır: "Ermənistan siyasi dairələri və müxtəlif xarici mərkəzlər də yaxşı anlayırlar ki, Azərbaycanın maraq və mövqeyi nəzərə alınmadan regionda hər hansı siyasi layihənin və ya geosiyasi konfiqurasiyanın uğur qazanması mümkün deyil. Təsadüfi deyil ki, seçki kampaniyası dövründə belə Azərbaycan və Prezident İlham Əliyev faktoru Ermənistanın daxili siyasi gündəminin ayrılmaz hissəsinə çevrilib. Əslində, qarşıdakı seçkilər təkcə hakimiyyət uğrunda mübarizə deyil. Ermənistan cəmiyyəti faktiki olaraq sülhlə revanşizm arasında seçim edir. Azərbaycan üçün əsas məsələ konkret siyasi qüvvənin hakimiyyətə gəlməsi deyil. Əsas məsələ Ermənistan xalqının hansı strateji yolu seçəcəyidir. Son illərdə regionda formalaşan yeni reallıqlar göstərir ki, inkişafın, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın yeganə yolu sülhdən keçir. Bu sülh gündəliyinin təşəbbüskarı və əsas memarı isə Azərbaycandır". Deputat əlavə edib ki, Ermənistan cəmiyyəti seçkilərdə sülhə səs verərsə, bu, yeni regional reallıqların qəbul edilməsi anlamına gələcək: "Əks halda, revanşist qüvvələrin və müharibə ritorikasının dəstəklənməsi Ermənistanın yenidən təhlükəli avantüralara sürüklənməsi demək olacaq. Seçki kampaniyasının gedişi isə göstərir ki, Qarabağ mövzusu yenidən bəzi siyasi qüvvələrin əsas alətinə çevrilir. Müxtəlif namizədlərin və revanşist dairələrin bu mövzunu yenidən gündəmə gətirməsi göstərir ki, Ermənistan cəmiyyətində separatizm ideologiyasından tam imtina edilməyib. Maraqlıdır ki, bu prosesdə həm Qərbdə, həm də Rusiyada müəyyən siyasi dairələrin eyni ritorikanı paylaşdığı müşahidə olunur. İsveçrədə keçmiş separatçıların müxtəlif dairələrlə görüşləri, Avropa Parlamentində qəbul edilən qərəzli sənədlər, Rusiyada separatizmi simvolizə edən təşəbbüslər eyni məqsədə xidmət edir ki, regionda artıq bağlanmış hesab edilən məsələləri yenidən gündəmə gətirmək. Bütün bunlar Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı mövqeyinin nə qədər əsaslı olduğunu bir daha göstərir. Seçki kampaniyasında "Qarabağ kartı"nın yenidən istifadə olunması sübut edir ki, problem yalnız siyasi bəyanatlarla həll olunmur. Məsələnin hüquqi və institusional səviyyədə həlli vacibdir. Azərbaycanın mövqeyi aydındır: Ermənistanın daxili siyasi prosesləri onun öz işidir, lakin Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı hüquqi və ya siyasi iddia qalmamalıdır". V.Qafarov əlavə edib ki, rəsmi Bakı seçkilərdən sonra Ermənistanın əsas qanununda müvafiq dəyişikliklərin həyata keçirilməsini gözləyir: "Azərbaycanın digər mühüm gözləntisi isə Qarabağ adı altında fəaliyyət göstərən bütün strukturların birdəfəlik ləğv edilməsidir. Bu məsələ yalnız Ermənistan ərazisindəki müxtəlif "nümayəndəliklərə" və "təmsilçiliklərə" aid deyil. Fransa, ABŞ, Rusiya və digər ölkələrdə separatçı irsi yaşatmağa çalışan bütün qurumların fəaliyyətinə son qoyulmalıdır. Əgər Ermənistan rəhbərliyi həqiqətən keçmişlə hesablaşmaq və yeni səhifə açmaq niyyətindədirsə, bunu yalnız bəyanatlarla deyil, konkret addımlarla nümayiş etdirməlidir. Qarabağ məsələsinin qapandığını deyənlər ilk növbədə həmin strukturların fəaliyyətinə son qoymalıdırlar. Seçkilər fonunda diqqət çəkən başqa bir məqam Qərbin nümayiş etdirdiyi növbəti ikili standartlardır. Demokratiya, şəffaflıq və azad seçkilər haqqında uzun-uzadı danışan Qərb institutları Ermənistanda baş verən çoxsaylı pozuntulara münasibətdə olduqca passiv davranırlar. İnzibati resurslardan istifadə, səslərin pulla alınması, seçicilərə və namizədlərə təzyiqlər, siyasi motivli həbslər və digər problemlər haqqında kifayət qədər məlumatlar yayılsa da, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, AŞPA və Avropa Parlamentinin seçki institutları bunları görməzlikdən gəlirlər. Maraqlıdır ki, seçkilərə həm Rusiya, həm də Qərb müxtəlif formalarda təsir göstərməyə çalışır, lakin demokratiya dərsi verməyi sevən qurumlar bu müdaxilələri müşahidə etmirlər". Onun sözlərinə görə, bütün bunların fonunda seçki kampaniyası bəzən ciddi siyasi yarışdan daha çox siyasi şou təsiri bağışlayır: "Namizədlərin davranışları, sosial şəbəkələrdə yayılan görüntülər və seçki tədbirlərində baş verən hadisələr Ermənistanın üzləşdiyi ciddi problemlərin kölgədə qalmasına səbəb olur. Meqafonla küçələrdə kampaniya aparan, sosial şəbəkələr üçün nümayişkaranə videolar çəkən siyasətçilər seçicilərə gələcək inkişaf modeli təqdim etməkdənsə, daha çox diqqət çəkməyə çalışırlar. Nəticədə ölkənin təhlükəsizliyi, iqtisadi inkişafı və regional perspektivləri kimi fundamental məsələlər ikinci plana keçir. Bu baxımdan qarşıdakı seçkilər Ermənistan üçün sadəcə hakimiyyət dəyişikliyi məsələsi deyil. Bu seçkilər erməni cəmiyyətinin hansı gələcəyi seçəcəyinin göstəricisi olacaq. Seçim sülhlə müharibə, regional əməkdaşlıqla təcrid, yeni reallıqları qəbul etməklə keçmişin xəyalları arasında aparılır. Ermənistan xalqının verəcəyi qərar yalnız ölkənin daxili siyasi mənzərəsini deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirəcək".
Mənbə
oxu.az