Cəmiyyət
Provayderlər üçün yeni tələblər müəyyənləşir
Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr yaranarsa, təkrar yaş yoxlanılmasını təmin etməlidir. Oxu.Az xəbər verir ki, sözügüdən məsələ "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əlavə edilməsi təklif olunan yeni maddədə əksini tapıb. Qeyd olunur ki, bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir. İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz: - onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək; - onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək. Provayder yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir. Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir. Bundan başqa, provayder 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına münasibətdə platformadan istifadə ilə bağlı aşağıdakı texniki və təhlükəsizlik tədbirlərini təmin etməlidir: - istifadəçinin seçimi əsasında təhlükəsiz istifadə rejiminin və gücləndirilmiş konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi; - fərdi rəqəmsal hesablarda bütün standart konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi və geolokasiya məlumatlarının əlçatanlığının, o cümlədən ictimaiyyətə açıqlanmasının məhdudlaşdırılması; - fərdi rəqəmsal hesablarda onların fiziki və psixi sağlamlığına zərər vuran və ya asılılıq yaradan məzmunların, o cümlədən məlumat və reklamların yerləşdirilməsinin qarşısının alınması, habelə manipulyativ dizayn üsullarından (sonsuz sürüşdürmə, videomaterialların avtomatik səsləndirilməsi və s.) istifadənin qadağan edilməsi; - fərdi rəqəmsal hesablarda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində qeyd edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması. 16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır. Provayder hər təqvim ili üzrə nəzərdə tutulmuş tələblərin icrası, habelə fərdi rəqəmsal hesabın yaradılmasından imtina hallarının statistikası barədə illik məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti ilin yanvarın 15-dək təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) platformalardan bu Qanunun tələblərinə uyğun istifadənin, belə istifadə zamanı uşaqların hüquqlarının müdafiəsinin və zərərli məzmunlardan qorunmasının təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirlərini həyata keçirirlər. Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minəcək.
Mənbə
oxu.az