Kriminal

Mütəşəkkil dəstənin üzvü hakim qarşısında: Fariz Məhərrəmov ifadə verməkdən imtina etdi

05 Jun 2026, 19:24 1 baxış
Mütəşəkkil dəstənin üzvü hakim qarşısında: Fariz Məhərrəmov ifadə verməkdən imtina etdi
Siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işində təqsirləndirilən Fariz Məhərrəmovun məhkəməsi keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən baxış iclasında Fariz Məhərrəmova sərbəst ifadə verməsi üçün imkan yaradılıb. Lakin o, ifadə verməkdən imtina edərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib və ona elan olunmuş ittihamla bağlı özünü qismən təqsirli bilib. Fariz Məhərrəmov dövlət ittihamçısının suallarına cavab verməkdən də yayınıb. Şahidlərin dəvət olunması ilə bağlı proses iyunun 19-na təxirə salınıb. * Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ: Vəzifəli şəxslər SAXLANILDILAR - ADLAR * Dörd ay əvvəl işdən çıxarılan POLKOVNİK-LEYTENANT siqaret qaçaqmalçılığına görə SAXLANILDI Qeyd edək ki, Fariz Məhərrəmov aksiz markası olmayan tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim olunub. Onun barəsindəki cinayət işi ayrıca icraata verilib. Fariz Məhərrəmovla bağlı cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılıb. Ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq - xüsusilə külli miqdarda), 213-1.2.1 (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 213-1.2.3 (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər