Cəmiyyət
Elman Nəsirov: "Ermənistanı mürəkkəb seçki gözləyir"
"Ermənistanda keçirilən seçki təkcə hakimiyyətə gəlmək istəyən qüvvələr arasında yarış meydanı deyil, həm də ciddi geosiyasi maraqların daşıyıcısı olan xarici qüvvələr arasında rəqabət məkanıdır". Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Elman Nəsirov deyib. O bildirib ki, Ermənistanı kifayət qədər ciddi və mürəkkəb seçki gözləyir: "Bir tərəfdə Avropa İttifaqı və ABŞ, digər tərəfdə isə Rusiya Ermənistandakı seçkilərin nəticələri ilə yaxından maraqlanır. Seçkilər ərəfəsində ilk dəfə olaraq Avropa Siyasi Birliyinin və Avropa İttifaqı-Ermənistan sammitlərinin İrəvanda keçirilməsi Qərbin Nikol Paşinyan hakimiyyətinə verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirilir. ABŞ rəsmilərinin Ermənistana son səfərləri də bu marağın davam etdiyini göstərir. Digər tərəfdən Kreml də seçkilərlə bağlı ciddi maraqları mövcuddur. Moskva Ermənistanın Avropa İttifaqına üzvlük perspektivinə dair referendum keçirilməsini gündəmə gətirir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova seçkilərlə bağlı açıqlamasında "İyunun 7-də ermənilər Ermənistanı xilas etməlidirlər" ifadəsini işlədib ki, bu da onların prosesə xüsusi önəm verdiyini nümayiş etdirir. Seçkilərdə ümumilikdə 19 siyasi qüvvə iştirak edir. Onların yalnız dörd və ya beşinin parlamentə təmsil olunmaq şansı var. Əsas favorit Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası hesab olunur. Onun əsas rəqibləri sırasında iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" alyansı, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku və iş adamı Qaqik Tsarukyanın partiyası göstərilir. Ermənistan qanunvericiliyinə görə, siyasi partiyaların parlamentdə təmsil olunması üçün 4 faizlik seçki baryerini keçməsi tələb olunur. İki və ya üç partiyadan ibarət bloklar üçün bu göstərici 8 faiz, dörd və daha çox partiyanın birləşdiyi bloklar üçün isə 10 faiz təşkil edir". Deputat vurğulayıb ki, mövcud proqnozlar Vətəndaş Müqaviləsi Partiyasının seçkilərdə üstün mövqeyini qoruduğunu göstərir: "Bir çox müşahidəçilər Paşinyanın siyasi qüvvəsinin seçkilərin qalibi olacağını düşünürlər. Bəzi siyasi dairələr seçkilərdən sonra Gürcüstanda yaşanan proseslərə bənzər ssenarilərin baş verə biləcəyini istisna etmirlər. Bununla belə, Paşinyanın partiyası sülh imicinə, onun əleyhdarları isə müharibə imicinə malikdirlər. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistandakı seçkiqabağı prosesləri şərh edərkən bildirib ki, revanşist qüvvələrin hakimiyyətə gəlməsi regionda yeni gərginlik və təxribat riskləri yarada bilər, bununla da Ermənistan xalqının başı ağrıyacaq. Ona görə də Ermənistan xalqı müharibə, regiona təhdid mövqeli siyasi qruplaşmalara səs verməməlidir. Paşinyanın qalib gələcəyinə və hökumət təşkil edəcəyinə inam böyükdür. Ermənistan qanunvericiliyinə görə seçkilərdən altı ay sonra referendum keçirilə bilər. İstisna deyil ki, referendumu önə çəkmək üçün qanunvericiliyə dəyişiklik olunsun. Nəticədə Ermənistan Konstitusiyasına dəyişikliklər edib Azərbaycana qarşı ərazi iddialarından imtina edə bilərlər. ABŞ seçkilərinin başlanmasına qədər Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh imzalana bilər. Bununla da regionda uzunmüddətli və dayanıqlı sülh hökm sürə bilər. Ermənistan qanunvericiliyinə əsasən, referendumun keçirilməsi üçün müəyyən vaxt məhdudiyyətləri mövcuddur. Lakin siyasi zərurət yaranarsa, bu istiqamətdə hüquqi dəyişikliklərin edilməsi də mümkündür. Belə bir ssenari baş verərsə və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün maneələr aradan qalxarsa, yaxın dövrdə regionda yeni siyasi reallıq formalaşar".
Mənbə
oxu.az