Cəmiyyət

"Bakı üçün fundamental şərtlər dəyişmir" - Ermənistandakı seçkilərə deputatdan münasibət

05 Jun 2026, 16:52 2 baxış
"Bakı üçün fundamental şərtlər dəyişmir" - Ermənistandakı seçkilərə deputatdan münasibət
"Ermənistanda iyunun 7-ə təyin edilmiş parlament seçkiləri həm bu ölkənin daxili siyasi mənzərəsi, həm də Cənubi Qafqazda formalaşan yeni regional təhlükəsizlik arxitekturası baxımından tarixi bir "geosiyasi referendum" xarakteri daşıyır". Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Ermənistandakı seçkiöncəsi mühit son dərəcə qütbləşmiş və gərgin xarakter daşıyır: "Mübarizə əsasən iki fərqli xarici siyasi xətt və gələcək vizyonu arasında gedir. ​Hakim "Mülki Müqavilə" partiyası və şəxsən onun lideri, baş nazir Nikol Paşinyan seçki kampaniyasını "Real Ermənistan" doktrinası üzərində qurub. Bu doktrina Ermənistanın regionda sülh içində yaşaması, qonşuları, ələlxüsus Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və Qərbə - daha da konkretləşdirsək, Aİ-yə doğru inteqrasiya xəttini ehtiva edir. Sorğular hakim partiyanın təqribən 30%-lik olmaqla, müəyyən səs itkisinə rəğmən liderliyini qoruduğunu göstərsə də, təkbaşına hökumət qurmaq və ya konstitusiya dəyişiklikləri etmək üçün mütləq əksəriyyəti qazanmaqda çətinlik çəkə bilər. Daha çox hərbi cinayətkarların cəmləşdiyi keçmiş elita və ruspərəst biznes dairələri, həmçinin kilsə xadimlərinin dəstəklədiyi qruplar Paşinyanı güzəştlərə getməkdə ittiham edirlər. Müxalifət sülh prosesini dayandırmağı, Rusiya ilə ənənəvi hərbi-siyasi müttəfiqliyə qayıtmağı və Qarabağ mövzusunda manipulyativ və revanşist tezisləri gündəmdə saxlamağı vəd edir. Təbii ki, biz bu prosesi diqqətlə izləyir və Ermənistan daxili siyasətindəki radikal qüvvələrin aktivliyini region üçün risk faktoru hesab edirik. Prezident İlham Əliyev də daha əvvəl xəbərdarlıq edib ki, əgər Ermənistanda anti-Azərbaycan və radikal qüvvələr yenidən baş qaldırsa, Bakı təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi addımları atacaq. Bakının Ermənistandakı seçki prosesindən və onun nəticələrindən gözləntilərinə gəlincə, bizim xüsusi gözləntimiz yoxdur, lakin ümid edirik ki, yekun sülh müqaviləsinin imzalanması üçün tamamilə rasional, beynəlxalq hüquqa əsaslanan və şəffaf şərtlər yerinə yetirilməlidir. Azərbaycan postseçki dövrü üçün Ermənistanın yeni formalaşacaq hökumətindən sülh prosesində manipulyasiyalara son qoymağı və yekun sülh sazişini imzalamaq üçün real siyasi iradə nümayiş etdirməsini gözləyir. Bakı üçün sülhün "şifahi" və ya yarımçıq deyil, institusional səviyyədə təsdiqlənməsi prinsipialdır". Deputat vurğulayıb ki, digər vacib məsələ isə Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır: "​Azərbaycanın ən strateji və dəyişməz tələbidir. Ermənistanın hazırkı konstitusiyasında və müstəqillik bəyannaməsində Azərbaycana qarşı birbaşa ərazi iddiaları, daha konkret desək, Qarabağın Ermənistana birləşdirilməsinə dair bəndlər hələ də hüquqi qüvvədədir. ​Bakının qəti mövqeyi ondan ibarətdir ki, Ermənistan öz əsas qanunundan Azərbaycana qarşı ərazi iddialarını rəsmən çıxarmayana qədər heç bir yekun sülh müqaviləsi imzalana bilməz. Paşinyan seçkidən sonra konstitusiya referendumu keçirəcəyini vəd etsə də, Bakı bu vədin sözdə qalmamasını, dərhal icra olunmasını gözləyir. Biz, həmçinin hesab edirik ki, son iki ildə əldə olunmuş ilkin delimitasiya uğurlarının davam etdirilməsi, sərhədin digər hissələrində də tərəflərin qarşılıqlı olaraq bir-birinin suverenliyini tanıması və prosesin tam başa çatdırılması prosesi pozulmamalıdır. Habelə Azərbaycan Ermənistanın "Dünyanın kəsişməsi" kimi daxili layihələrindən asılı olmayaraq, 2020-ci il Üçtərəfli Bəyanatından irəli gələn öhdəliklərə, habelə 8 avqust 2025-ci il Vaşinqton razılaşmasına uyğun olaraq Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək nəqliyyat dəhlizi - Zəngəzur dəhlizinin maneəsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsini gözləyir. Ümumiyyətlə, isə Ermənistan cəmiyyəti anlamalıdır ki, ​Azərbaycan üçün bu ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq fundamental şərtlər dəyişmir. Əgər Ermənistan xalqı sülh və regional inteqrasiya xəttini seçərsə, Bakı sülh müqaviləsinin sürətlə tamamlanmasına hazırdır. Lakin seçkidən sonra revanşist meyillər güclənərsə və ya sülh prosesi Ermənistan tərəfindən süni şəkildə uzadılarsa, Azərbaycan beynəlxalq qanunların aliliyi şəraitində öz milli maraqlarını və təhlükəsizliyini təmin etmək üçün bütün diplomatik və hərbi-siyasi alətlərdən istifadə hüququnu özündə saxlayır".
Mənbə oxu.az

Oxşar Xəbərlər