Dünya
Zelenski Putinə birbaşa müraciət etdi: "Əgər müharibə başa çatmasa..."
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə açıq məktub ünvanlayıb. Dövlət başçısı məktubunda Kiyevin müharibəni birbaşa danışıqlar yolu ilə başa çatdırmağa hazır olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə Prezident Zelenskinin rəsmi saytında məlumat dərc olunub. Zelenski bildirib ki, müharibə artıq Rusiya cəmiyyətini qane etmir və ölkəyə getdikcə daha çox mənfi təsir göstərir. "Rusiyada hakimiyyətdə olduğunuz 26 ilin demək olar ki, yarısını Ukraynaya qarşı müharibə şəraitində keçirmisiniz. NATO, geosiyasət və ya rus dili barədə nə deməyinizdən asılı olmayaraq, bu müharibə sizin şəxsi seçiminizdir - real səbəbi olmayan bir müharibədir. Tarix bunu məhz belə xatırlayacaq", - deyə Ukrayna Prezidenti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, texniki ifadələrin arxasında gizlənmək və ya məkik diplomatiyasına vaxt sərf etmək əvəzinə, birbaşa ikitərəfli həll yolları axtarmaq lazımdır. "Müharibədən çıxmaqdan qorxmayın. Hazırda sizdən tələb olunan əsas addım budur", - deyə o əlavə edib. Zelenski həmçinin Rusiya rəhbərliyinə xəbərdarlıq edib: "Əgər müharibə başa çatmasa, onlar öz siyasi və şəxsi mövcudluqları uğrunda mübarizə aparmalı olacaqlar. Bu, mənim və ya Ukraynanın təhdidi deyil. Bunlar Rusiya tarixinin yaxşı məlum olan faktlarıdır. Rusiya yorulduqda dəyişikliklər baş verir", - deyə Prezident bildirib. "Hazırkı cəbhə xətti diplomatik prosesin başlanmalı olduğu nöqtədir", - deyə Zelenski vurğulayıb. Ukrayna lideri qeyd edib ki, potensial görüşün mütləq Moskva və ya Kiyevdə keçirilməsi vacib deyil. Danışıqlar üçün ənənəvi olaraq müharibə və sülh təşəbbüslərinə ev sahibliyi edən ölkələr, o cümlədən İsveçrə, Türkiyə və ya ərəb dünyasının bəzi dövlətləri mümkün platforma kimi nəzərdən keçirilə bilər.
Mənbə
oxu.az