Dünya
Trampın keçmiş müşaviri istintaqla sövdələşməyə getdi: İki milyon dollar ödəməyə hazırdır
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton istintaqla sövdələşmə bağlayıb. O, məxfi məlumatlarla davranma qaydalarının pozulması ilə bağlı iş üzrə təqsirini etiraf etməyə və 2 milyon dollardan çox cərimə ödəməyə hazırdır. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumatlı üç mənbəyə istinadən məlumat yayıb. "O, milli təhlükəsizlik sahəsinə aid məxfi sənədləri qanunsuz saxlamaqla bağlı bir maddə üzrə təqsirini etiraf etmək niyyətindədir. Həmçinin 2 milyon dollardan çox cərimə ödəməyə razılaşıb", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, həmin maddə üzrə təqsirin etiraf edilməsi Boltonun beş ilədək həbs cəzası alması ilə nəticələnə bilər. Bolton Donald Trampın ilk prezidentlik dövründə Ağ Evdə çalışdığı müddətdə apardığı gündəlik qeydləri özündə saxlamaqda ittiham olunurdu. Müdafiə tərəfi isə bildirirdi ki, o, artıq 45 ildir şəxsi gündəliklər yazır, həmin qeydlər məxfi xarakter daşımayıb və yalnız yaxın ailə üzvləri üçün əlçatan olub. Bundan əlavə, Bolton şəxsi elektron poçt ünvanından "gündəlik fəaliyyəti" ilə bağlı min səhifədən çox sənədi həyat yoldaşına və qızına göndərməkdə də ittiham edilir. Məhkəmə iclası iyunun 26-na təyin olunub. Xatırladaq ki, 2025-ci ilin avqust ayında FTB Boltonun evində axtarış aparıb, bundan sonra ona qarşı ittihamlar irəli sürülüb.
Mənbə
oxu.az