Dünya
Xameneinin ölümündən əvvəlki son saatlar: Əraqçı detalları açıqladı
İranın xarici işlər naziri Abbas Əraqçı keçmiş ali rəhbər Əli Xameneinin ofisinin bombalandığı zaman həmin binada olduğunu açıqlayıb. Oxu.Az xəbər verir ki, İran XİN başçısı bu barədə "Al Mayadeen" telekanalına müsahibəsində danışıb. "Cümə günü Cenevrə danışıqlarından qayıtdıqdan sonra hesabatımı təqdim etmək üçün şənbə günü səhər saat 09:00-da cənab Xameneinin ofisinə getdim. Hesabatım cümə günü aparılan müzakirələr və yaranmış atmosferlə bağlı idi. Həmin atmosfer müharibə ehtimalını dəfələrlə artırmışdı", - deyə o bildirib. Əraqçı qeyd edib ki, Əli Xameneinin olduğu bina hücuma məruz qalıb: "Olduğumuz bina birbaşa hədəf alındı, lakin bizim yerləşdiyimiz hissə zərər görmədi. Dağıntılar altından çıxmağa çalışarkən bütün fikrim onun hədəf alınıb-alınmadığına yönəlmişdi. Liderin öldüyü xəbəri təsdiqlənənə qədər - ilk iki gün ərzində onun taleyi ilə bağlı böyük narahatlıq keçirirdim. Ağlıma gələn ilk sual "Liderin vəziyyəti necədir?" oldu. Bombardman zamanı ali rəhbər üçün duyduğum narahatlıq o qədər böyük idi ki, öz təhlükəsizliyimi belə unutmuşdum". Baş verənlərin heç vaxt unudulmadığını vurğulayan Əraqçı sözlərini belə yekunlaşdırıb: "Bu, qəlbimizə sancılan və heç vaxt sağalmayacaq bir yaradır. Liderin öldürülməsi İran tarixinin dönüş nöqtəsi və İranın gücünü bütün dünyaya nümayiş etdirən məqam oldu".
Mənbə
oxu.az