İdman
Marko Yankoviç "Qarabağ"dan gedəcək? - RƏSMİ CAVAB
"Qarabağ"ın aparıcı futbolçularından olan Marko Yankoviç Ağdam təmsilçisindəki gələcək karyerası ilə bağlı yayılan xəbərlərə son qoyub. Oxu.Az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ölkəsinin mətbuatına verdiyi açıqlamada "Qarabağ"la qüvvədə olan daha birillik müqaviləsinin mövcudluğunu diqqətə çatdırıb. O, hazırda klubdakı statusunda heç bir dəyişikliyin yaşanmadığını xüsusi vurğulayıb: "Klubdakı gələcəyimlə bağlı hələlik heç bir yenilik yoxdur. "Qarabağ"la daha birillik müqaviləm var və mən bu komandanın futbolçusuyam. Transfer bazarında hər şey ola bilər, amma hazırda bunu düşünmürəm. Bütün diqqətimi Slovakiya ilə qarşıdakı yoldaşlıq görüşündə yaxşı oynamağa cəmləmişəm. Ardınca istirahət edəcəyəm və sonrakı proseslərin necə cərəyan edəcəyini görəcəyik". Xatırladaq ki, 2022-ci ildən etibarən Ağdam təmsilçisinin formasını geyinən 30 yaşlı oyunçunun "Qarabağ"la müqavilə müddəti gələn ilin iyun ayına qədər nəzərdə tutulub.
Mənbə
oxu.az