İdman

FIFA DÇ-2026 üçün yeni qadağa müəyyənləşdirdi

04 Jun 2026, 15:32 2 baxış
FIFA DÇ-2026 üçün yeni qadağa müəyyənləşdirdi
Beynəlxalq Futbol Federasiyası (FIFA) təhlükəsizlik səbəbi ilə 2026-cı il dünya çempionatı zamanı stadionlara boş plastik butulkaların gətirilməsinə qadağa qoyub. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, azarkeşlər bu qərarın isti hava şəraitində tribunalarda qalmağı çətinləşdirəcəyindən narahatdırlar. Qeyd edək ki, FIFA matçlarda iştirak qaydalarını çempionatın başlamasına bir həftə qalmış yeniləyib: əvvəllər boş plastik butulkaların içəri keçirilməsinə icazə verilirdi. Agentlik qurumun rəsmi bəyanatından bu sözləri sitat gətirib: "FIFA bütün oyunçuların, hakimlərin, azarkeşlərin, könüllülərin və işçi heyətinin sağlamlığının və təhlükəsizliyinin qorunmasına sadiqdir. FIFA oyunçular və stadion ziyarətçiləri arasında xəsarət riskinin qarşısını almaq məqsədilə butulkaları qadağan etmək qərarına gəlib". Məlumata görə, çempionata ev sahibliyi edən bəzi şəhərlərdə isti hava gözlənildiyindən, tərəfdarlar yeni qaydaların oyunları izləməyi çətinləşdirə biləcəyindən qorxurlar. Öz növbəsində FIFA əmin edir ki, stadionlarda istiyə qarşı mübarizə tədbirlərinin tətbiqi üçün ev sahibi ölkələrin səlahiyyətli orqanları ilə birgə işləyir. Bu tədbirlərə buxar generatorlarının, ventilyatorların yerləşdirilməsi, içməli su nöqtələrinin yaradılması və sərinləşdirici çadırların quraşdırılması daxildir. Ali futbol qurumu matçlar zamanı qablaşdırılmış suyun qiymətlərinin süni şəkildə artırılmayacağına dair də mesaj verib. "2026-cı il dünya çempionatı zamanı stadionların daxilində qablaşdırılmış suyun qiymətləri orada keçirilən digər tədbirlərdəki qiymətlərlə uyğunluq təşkil edəcək", - deyə FIFA-dan bildirilib. Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada baş tutacaq bu mötəbər turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər