Dünya
Livan və İsrail atəşkəs barədə razılığa gəldilər
ABŞ-də keçirilən müzakirələrin yekunlarına əsasən, Livan və İsrail nümayəndələri atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan birgə bəyanatda bildirilib. Sənəddən məlum olur ki, Livan və İsrail rəsmiləri iyunun 2-i və 3-də Vaşinqtonda danışıqlar aparıblar. "ABŞ-nin rəhbərliyi altında baş tutan müzakirələrin nəticəsində İsrail və Livan atəşkəs rejiminin həyata keçirilməsi ilə bağlı razılıq əldə ediblər", - deyə bəyanatda vurğulanır. Sənədə əsasən, bu razılaşma radikal "Hizbullah" hərəkatının atəşi tamamilə dayandırması və qruplaşmanın bütün yaraqlılarının Litani çayının cənubundakı bölgədən çıxarılması şərtinə əsaslanır. Bəyanatda qeyd olunur ki, tərəflər ABŞ-nin vasitəçiliyi ilə qısa müddətdə sınaq rejimində zonaların yaradılmasına başlamaq barədə razılaşıblar. Bu zonalar heç bir qeyri-dövlət qüvvələrinin iştirakı olmadan yalnız Livan silahlı qüvvələri tərəfindən nəzarətdə saxlanılacaq. Bildirilir ki, atılan bu addımlar sülh və təhlükəsizlik üzrə hərtərəfli müqavilənin imzalanması istiqamətində irəliləyişə təkan verəcək. Həmçinin sənəddə diqqətə çatdırılır ki, tərəflər tammiqyaslı sazişə nail olmaq məqsədilə iyunun 22-dən başlayan həftədə siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı davam etdirəcəklər. Birləşmiş Ştatlar isə qeyd olunan müddət ərzində tərəflər arasında əlaqənin təmin olunmasına köməklik göstərməyə razılaşıb.
Mənbə
oxu.az