Dünya
Özbəkistanda üzərində əməliyyat izləri olan 4000 illik uşaq kəlləsi tapılıb
Arxeoloqlar Özbəkistanın cənub hissəsində təqribən dörd min il əvvəl həyata keçirilmiş trepanasiya (kəllə sümüyünün cərrahi yolla açılması) izləri daşıyan uşaq kəlləsi aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb. Bildirilib ki, bu kəşf Mərkəzi Asiyada belə bir əməliyyatın ən qədim təsdiqlənmiş sübutu hesab edilə bilər. Qalıqlar Tunc dövrünə aid Oks sivilizasiyasının ən böyük mərkəzlərindən biri olan qədim Carkutan yaşayış məskənində aparılan qazıntı işləri zamanı tapılıb. Qəbirdə təxminən üç və beş yaşlarında iki uşağın cəsədi olub. Cərrahi müdaxilənin izləri isə məhz böyük uşağın kəlləsində aşkarlanıb. Trepanasiya bəşər tarixində ən qədim cərrahi əməliyyatlardan biri kimi tanınır. Müxtəlif mədəniyyətlərdə bu üsuldan baş nahiyəsinin travmaları, epilepsiya, şiddətli ağrılar və digər xəstəliklərin müalicəsi üçün istifadə edilib. Bununla belə, Tunc dövrü cəmiyyətlərində bu cür prosedurlar ritual xarakter də daşıya bilərdi. Tədqiqatçıların sözlərinə görə, bu tapıntı pasiyentin yaşına görə xüsusilə diqqətəlayiqdir. Eramızdan əvvəl III minilliyin sonlarında Mərkəzi Asiyada kiçik yaşlı uşaqlar üzərində belə mürəkkəb əməliyyatların aparılmasını sübut edən faktlar olduqca nadirdir. Bu da onu göstərir ki, Carkutan sakinləri anatomiya sahəsində kifayət qədər dərin biliklərə və təhlükəli cərrahi müdaxilələri yerinə yetirmək bacarıqlarına malik olublar. Alimlər uşağa nə üçün belə bir əməliyyatın lazım olduğunu hələlik müəyyən edə bilməyiblər. Ehtimal olunan səbəblər arasında baş travması, nevroloji xəstəlik və ya ritual təcrübə yer alır. Qalıqlar üzərində aparılacaq gələcək tədqiqatlar bu suala cavab tapmağa kömək edəcək. Tədqiqatçılar qeyd edirlər ki, kəşf Tunc dövründə Mərkəzi Asiya xalqlarının tibbi bilik səviyyəsini və sağlamlıq haqqında təsəvvürlərini öyrənmək üçün nadir fürsət yaradır.
Mənbə
oxu.az