Dünya
Almaniyada hotel yəhudilərlə bağlı ifadəyə görə cəzalandırıldı
Almaniyada Bavariyanın Lam icmasında yerləşən "Zum Hirschen" hoteli "Yəhudilər buraxılmır" ifadəsi ilə israilli cütlüyü yerləşdirməkdən imtina edib. Oxu.Az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir. Cütlük İsrailin Münhendəki Baş Konsulluğuna və Booking.com portalının rəhbərliyinə şikayət ünvanlayıb. Sözügedən portal hoteldən bu məlumatın təsdiqini aldıqdan dərhal sonra həmin mehmanxananı özünün bronlaşdırma sistemindən silib. "Mən ilkin olaraq buna sadəcə inana bilmədim, sarsıldım. Doğrudanmı biz yenidən yəhudilərin içəri buraxılmadığı 1930-cu illərə qayıtmışıq?" - deyə İsrailin Münhendəki baş konsulu Talya Lador-Freşer bəyan edib. Münhen Prokurorluğu nifrətin qızışdırılması şübhəsi ilə cinayət işi açıb. Mehmanxana nümayəndələri baş verənləri saxta bronlaşdırma dalğası və fişinq cəhdləri ilə izah edərək üzr istəyiblər. Hotelin meneceri bildirib ki, qalmaqaldan sonra hər gün hədə-qorxu mesajları alır. Menecerin versiyasına görə, o və həmkarları İsraildən olan müştərilərin sorğusunu dələduzluq cəhdi kimi qəbul ediblər. Mübahisəyə baxmayaraq, israilli cütlük Yuxarı Pfaltsda bir həftə pulsuz qonaq olmağa dəvət edilib.
Mənbə
oxu.az