Maraqlı
Xoşagəlməz səslər sizi qıcıqlandırır? - Narahatlıqdan xilas olmağın sadə üsulu açıqlandı
Lavanda çayı mizofoniya (eşidilən səslərdən qıcıqlanma) simptomlarını yüngülləşdirə bilər. Oxu.Az xəbər verir ki, türk alimləri müntəzəm olaraq lavanda çayı içməyin mizofoniyanın psixoloji simptomlarını yüngülləşdirə biləcəyini müəyyən ediblər. Mizofoniya adi məişət səslərinin insanda güclü qıcıqlanma, narahatlıq və hətta aqressiyaya səbəb olduğu pozuntu halıdır. Cəmi iki həftəlik bu rejim tədqiqat iştirakçılarında narahatlıq, depressiya və qəzəbin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Tədqiqatın nəticələri "Journal of Psychiatric Research" nəşrində dərc edilib. Tədqiqatda mizofoniya diaqnozu qoyulmuş 60 şəxs iştirak edib, onların da əksəriyyətini 20 yaşlarında qadınlar təşkil edib. Könüllülər 14 gün ərzində gündə iki dəfə - səhər və axşam olmaqla bir paket qurudulmuş lavanda dəmləyərək içiblər. İştirakçılardan hər qurtumdan əvvəl bir neçə dəqiqə ərzində içkinin ətrini dərindən çəkmələri istənilib. Nəzarət qrupundakı iştirakçılar isə gündəlik həyatlarına davam ediblər və onlara heç bir müdaxilə olunmayıb. Təcrübədən əvvəl və sonra könüllülər mizofoniya simptomlarının, narahatlığın, depressiyanın və qəzəbin şiddətini qiymətləndirən psixoloji anketləri doldurublar. Nəticədə, çay içən qrupda mizofoniya göstəriciləri xeyli yaxşılaşıb. İştirakçılar həyat keyfiyyətinin artdığını və qıcıqlandırıcı səslərlə mübarizənin daha effektiv olduğunu bildiriblər. Nəzarət qrupunda isə belə dəyişikliklər müşahidə olunmayıb. Buna baxmayaraq, lavanda çayı qıcıqlandırıcı səslərə qarşı reaksiyanı tam şəkildə aradan qaldırmayıb. Müəlliflərin fikrincə, nəticələrin dəqiqləşdirilməsi üçün daha müxtəlif qrupları əhatə edən genişmiqyaslı tədqiqatlara ehtiyac var. Hazırda lavanda çayı müstəqil müalicə vasitəsi kimi deyil, yalnız mövcud müalicə metodlarına potensial əlavə kimi nəzərdən keçirilə bilər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər