Dünya
Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı
Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola qızdırması simptomları olan beş məhbus nəzarətdən qaçıb. Oxu.Az bildirir ki, bu barədə "Okapi" radiostansiyası mənbələrə istinadən xəbər verir. Ötən həftənin sonunda Buniya mərkəzi həbsxanasının beş məhbusunda virusun simptomları aşkar edilib. Səhiyyə orqanları infeksiyanın həbsxana mühitində yayılmasının qarşısını almaq üçün dərhal onların köçürülməsinə dair göstəriş verib: onlardan ikisi Buniya xəstəxanasına yerləşdirilib, digər üçü isə şəhərin yaxınlığındakı Tvamparada yerləşən müalicə mərkəzinə göndərilib. Polis əməkdaşları yoluxmaqdan qorxduqları üçün onlara mühafizə təyin etməyiblər. Bu, Buniyadakı iki məhbusa mayın 30-dan 31-nə keçən gecə qaçmağa imkan verib, iyunun 1-i səhər saatlarında isə Tvamparadakı digər üç məhbus onlara qoşulub. Yerli orqanlar qaçan şəxslərin axtarışı ilə məşğuldur. Konqo DR Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 363 Ebola halı təsdiqlənib, 116 nəfər karantindədir, 62 nəfər həyatını itirib.
Mənbə
oxu.az