Cəmiyyət

Anar Xəlilov: "Azad edilmiş ərazilərə qayıdan şəxslər daim dövlətin diqqətində olacaqlar"

03 Jun 2026, 19:18 1 baxış
Anar Xəlilov: "Azad edilmiş ərazilərə qayıdan şəxslər daim dövlətin diqqətində olacaqlar"
"Milli Məclisin bugünkü iclasında məcburi köçkünlər və digər məsələlərlə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər müsbət istiqamətdə atılan addım kimi qiymətləndirilməlidir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib. O bildirib ki, 30 ildən çoxdur dövlət məcburi köçkünlərin qayğısına qalır: "Bundan başqa, onların aylıq müavinətləri ödənilir, mənzil fondları və sosial şəraitin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Dövlət hər zaman onları diqqətdə saxlayıb. Artıq Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz işğalda olan torpaqları azad edib. Böyük Qayıdışa dair Dövlət Proqramı həyata keçirilir. Azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır. Yeni şəhər və qəsəbələr salınır, mövcud yaşayış məntəqələri bərpa edilir. Xüsusilə vurğulanmalıdır ki, məcburi köçkünlərlə bağlı qanunvericilik aktları torpaqlarımız işğaldan azad edilməmişdən əvvəl qəbul olunub. Yeni dövrün tələblərinə uyğun olaraq, artıq insanlar azad olunmuş ərazilərə geri qayıdırlar. Bu mərhələdə onların statusuna da yenidən baxılır. Burada söhbət əsasən geri qayıdan və köçməkdən imtina edən şəxslərdən gedir. Kim ki, işğaldan azad olunmuş ərazilərə köçməkdən imtina edir, onların statusuna dair məsələlər qanunvericilik çərçivəsində tənzimlənir". Şura sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan şəxslər daim dövlətin diqqətində olacaqlar: "Digər məcburi köçkünlərə dövlət öz qayğısını göstərməyə davam edir, sosial proqramlar həyata keçirilir. Bundan sonra da dövlətin qayğısı davam edəcək. Onların işğaldan azad olunmuş ərazilərdə həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atılacaq. Böyük Qayıdış dair Dövlət Proqramında təhsil, səhiyyə və digər sosial xidmətlər əsas prioritetlərdəndir. Yaşayış məskənləri ilə yanaşı, yeni müəssisələr və məktəblər tikilir, genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Əslində, sevindirici haldır ki, insanlar artıq məcburi köçkün statusundan çıxaraq doğma yurdlarına qayıdırlar".
Mənbə oxu.az

Oxşar Xəbərlər