Dünya
Tramp: "İranla bağlı mövqeyim şəraitdən asılı olaraq dəyişə bilər"
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində vəziyyətin sürətlə inkişaf etdiyini, özünün mövqeyinin isə şəraitdən asılı olaraq dəyişə biləcəyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "New York Post" qəzetinə müsahibəsində deyib: "Faktlar, şərait çox sürətlə dəyişir. Mənim verdiyim cavab 20 dəqiqə sonra aktual olmaya bilər". Ölkə başçısı İranla mümkün razılaşma barədə yekun qərar qəbul etmədiyini söyləyib: "İndi mən qərar qəbul etməliyəm: sövdələşmə imzalayırıq, yoxsa başqa yolla hərəkət edirik. Digər yol isə xoşagəlməzdir". Tramp alternativ ssenarinin münaqişəyə tez bir zamanda son qoymasına imkan verəcəyini, lakin humanitar səbəblərdən vəziyyəti diplomatik yolla həll etməyə üstünlük verəcəyini diqqətə çatdırıb. ABŞ Prezidenti İranın nüvə silahı hazırlamaqdan imtina etməyə razılaşdığını, potensial anlaşmanın isə "bir çox yaxşı nəticələrə" gətirib çıxara biləcəyini vurğulayıb. Bundan əlavə, Tramp İrana qarşı tətbiq edilən dəniz blokadasının ABŞ-də sentyabrın ilk bazar ertəsi qeyd olunan Əmək Gününə qədər davam edə biləcəyini istisna etməyib. Eyni zamanda o, vəziyyətin tezliklə həll olunacağına ümid etdiyini də bildirib.
Mənbə
oxu.az