Cəmiyyət
Dalit icmasının nümayəndəsi: "Transmilli təzyiqlərə məruz qalan insanlara azadlıq ümidi verməliyik"
"İlk dəfədir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan bir tədbirdə iştirak edirəm. Bizi qəbul etdiklərinə və son dərəcə vacib mövzunu gündəmə gətirib müzakirə platforması yaratdıqlarına görə təşəkkür edirəm". Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda iştirak edən Dalit icmasının nümayəndəsi Anita Lal deyib. O bildirib ki, 1984-cü il Siqh xalqının tarixində ağır və ağrılı hadisələrin baş verdiyi bir dönüm nöqtəsi olub: "Həmin vaxtdan etibarən sərhədləri aşan təzyiq və təqiblər davam edir. Bu vəziyyət təkcə siqhlərə deyil, həm də dalitlərə, müsəlmanlara və hökumətlə razılaşmayan, fərqli fikir ifadə edən hər kəsə təsir göstərir. Məhz buna görə insan hüquqlarının əhəmiyyətini dərk edən insanlarla əlaqələr qurmaq, bu mövzuda açıq dialoq yaratmaq və gələcəkdə müsbət dəyişikliklərə nail olmaq böyük əhəmiyyət daşıyır. Dünyanın müxtəlif yerlərində yaşayan, transmilli təzyiqlər və qorxu səbəbindən ən fundamental insan hüquqlarından belə məhrum olan yüz milyonlarla insana azadlıq və ədalət ümidini vermək üçün birlikdə çalışmalıyıq". "Bir dalit olaraq burada olmaq və bu müzakirənin bir hissəsinə çevrilmək mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bizə təqdim olunan platformaya, göstərilən diqqətə və birgə əməkdaşlıq etmək imkanına görə dərin minnətdarlığımı bildirirəm", - deyə icma üzvü əlavə edib.
Mənbə
oxu.az