Maraqlı
Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır
"Rütubətli mühitdə bakteriyaların sürətlə çoxalması səbəbindən diş fırçasının hamam otağında saxlanılması infeksiya riskini yüksəldə bilər. Fırçanın hermetik (hava keçirməyən) plastik qablarda qoyulması da onun tükləri üzərində mikroorqanizmlərin sayının artmasını sürətləndirən əsas səbəblərdəndir". Oxu.Az xəbər verir ki, bunu "Deia" nəşrinə müsahibəsində mütəxəssis Sebastyan Aryeta deyib. Həkimin sözlərinə görə, ən çox edilən səhv bir çox insanın diş fırçasını yüksək rütubətli otaqlarda qoymasıdır: "Belə bir mühit, xüsusən də fırça istifadədən sonra tamamilə qurumağa macal tapmadıqda, müxtəlif bakteriya və mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır. Digər bir geniş yayılmış yanlışlıq isə diş fırçasının havasız, hermetik qutularda saxlanılmasıdır. Bu şəraitdə rütubət daha uzun müddət qaldığından patogenlərin inkişafı üçün ideal zəmin formalaşır". Mütəxəssis dişləri yuduqdan sonra fırçanı məcun və qida qalıqlarından təmizləmək üçün diqqətlə yaxalamağı, suyun sərbəst süzülməsi üçün isə onu şaquli vəziyyətdə, başıyuxarı saxlamağı tövsiyə edir. Bununla yanaşı, ekspert diş fırçasının hər üç aydan bir, eyni zamanda qrip və soyuqdəymə kimi infeksion xəstəliklərdən dərhal sonra yenisi ilə əvəzlənməsini məsləhət görür. Həkim, həmçinin xatırladıb ki, dişləri fırçalayarkən fırçaya həddindən artıq təzyiq göstərmək tüklərin aşınmasını sürətləndirir və onun istifadə ömrünü əhəmiyyətli dərəcədə qısaldır.
Mənbə
oxu.az