Siyasət
DSX rəisi iranlı generalla müzakirələr apardı
İyun ayının 1-də "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin İran ərazisində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, görüşdə dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrindəki mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunub. Müzakirələr zamanı iki ölkənin sərhəd mühafizə qurumları arasında əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilib. Dövlət sərhədindən qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər bu cür görüşlərin keçirilməsinin sərhəd mühafizə qurumları arasında əlaqələrin inkişafına, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Görüş dostluq, qarşılıqlı etimad və anlaşma şəraitində keçib.
Mənbə
oxu.az