İqtisadiyyat
Nazir "Qarabağ" və "Abşeron" yataqlarının istismara veriləcəyi illəri açıqladı
"2027-ci ildə "Qarabağ" neft yatağının, 2029-cu ildə isə "Şahdəniz" yatağında tammiqyaslı işlənmə layihələrinin istismara verilməsi planlaşdırılır". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Hörmüz və bununla yanaşı qlobal enerji böhranı təhlükəsiz təchizatın əhəmiyyətini artırıb: "Davam edən qeyri-müəyyənlik Azərbaycanın əhəmiyyətini artırır. Xəzəri Qara, Aralıq və Adriatik dənizləri ilə əlaqələndirir. Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də Xəzər regionunu Orta Dəhlizin əsas logistika və bağlantı mərkəzlərindən birinə çevirən mühüm strateji aktor kimi çıxış edir. 2027-ci ildə "Qarabağ", 2029-cu ildə "Abşeron" yataqları istismara veriləcək. Azərbaycanın strateji əhəmiyyəti həm də regionları əlaqələndirmək bacarığı ilə ölçülür. Ötən il Avropa İttifaqının 8.1 faiz qaz ehtiyacını Azərbaycan ödəyib". Nazir qeyd edib ki, istifadəyə veriləcək TRIPP yolu (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - red.) əlaqələri gücləndirəcək: "Azərbaycana yaşıl enerji gündəliyini qətiyyətlə həyata keçirməyə, eyni zamanda, Xəzər regionu, Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin formalaşdırılmasına imkan yaradır. 2032-ci ilədək daxili istehlak, ixrac və süni intellekt infrastrukturu ilə məlumat mərkəzlərinin enerji təminatı məqsədilə 8 giqavat bərpaolunan enerji gücünün yaradılması planları uğurla icra olunur. Bu gücün 2 giqavatının milli enerji sisteminə inteqrasiyası gələn il tamamlanacaq".
Mənbə
oxu.az
Oxşar Xəbərlər