İqtisadiyyat
Bu gündən Bakı Enerji Həftəsinə start verilir
Bu gündən Bakı Enerji Həftəsinə start verilir. Oxu.Az-ın məlumatına görə, tədbir 1-3 iyun aralığında keçiriləcək. Tədbir 31-ci Xəzər Neft və Qaz Beynəlxalq Sərgisini, 14-cü Xəzər Enerji Beynəlxalq Təmiz Enerji Sərgisini və 31-ci Bakı Enerji Forumunu özündə birləşdirir. Enerji həftəsində 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək. Bakı Enerji Həftəsində bir sıra mühüm sessiyalar təşkil olunacaq. Bunlar arasında "Dayanıqlı və şaxələndirilmiş enerji gələcəyi üçün beynəlxalq əməkdaşlıq" mövzusunda nazirlərin plenar sessiyası, "Təbii qaz bazarları: infrastruktur, strategiya və geosiyasət", "Enerji körpüləri: yaşıl enerji və regional inteqrasiya", eləcə də "Enerjinin gələcəyi: data mərkəzləri, hidrogen və kiçik modul reaktorları" mövzularında sessiyalar yer alacaq. Həmçinin ilk dəfə olaraq D8 ölkələrinin energetika nazirlərinin iclası keçiriləcək. İyunun 2-də isə İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu baş tutacaq.
Mənbə
oxu.az