Dünya
ABŞ-dən immiqrantları sevindirən xəbər
ABŞ-də daimi yaşayış icazəsi ("Green Card") almaq üçün müraciət edən yüksəkixtisaslı mütəxəssislərə yeni qayda şamil olunmayacaq. Həmin qaydaya əsasən, daimi yaşayış icazəsi almaq istəyən şəxslərin əksəriyyəti müraciətlərini ABŞ hüdudlarından kənarda etməli idilər. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb. Beləliklə, nazirlik daimi yaşayış statusu almaq istəyən şəxslərin əksəriyyətinin sənəd təqdim etmək üçün ABŞ-ni tərk etməli olduğunu nəzərdə tutan ilkin sərt mövqeyindən geri çəkilib. * "Green card" qaydalarında dəyişiklik edildi İmmiqrantlar arasında narahatlığa və hüquqşünaslara edilən çoxsaylı müraciətlərə səbəb olan əvvəlki tövsiyə ölkədə müvəqqəti yaşayan əcnəbilərdən, istisna hallar nəzərə alınmaqla, "Green Card" almaq üçün vətənlərinə qayıtmağı tələb edirdi. Bu isə ABŞ daxilində gözləmə praktikasına əsaslanan uzun illərdir formalaşmış təcrübəni dəyişirdi. Yeni bəyanatda isə sözügedən tələbin yüksəkixtisaslı müraciətçilərə aid edilməyəcəyi və heç bir "layiqli" namizədin "Green Card" əldə etməsinə mane olmayacağı vurğulanıb. Bununla belə, bəzi ərizəçilər prosesə yenə də ABŞ-nin xaricdəki səfirlikləri vasitəsilə başlamalı olacaqlar. Qeyd olunub ki, dəyişikliklər hazırda daimi qanuni yaşayış statusuna (rezidentliyə) malik şəxslərə təsir göstərməyəcək.
Mənbə
oxu.az