Cəmiyyət

Açıq havada və parklarda siqaret çəkmək olar - Qanun nə deyir? - VİDEO

01 Jun 2026, 05:00 2 baxış
Açıq havada və parklarda siqaret çəkmək olar - Qanun nə deyir? - VİDEO
Bəzən vətəndaşlar arasında çaşqınlıq yaradan məsələlərdən biri də siqaretə görə cərimələrlə bağlı olur. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu siqaret çəkməyin qadağan olunduğu yerlərlə bağlıdır. Harada siqaret çəkmək olmaz?
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunda bu yerlər konkret göstərilib. Sənəddə qeyd olunur ki, tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır: - təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində; - tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində; - idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində; - restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində; - ticarət obyektlərində; - məişət obyektlərində; - sosial xidmət müəssisələrində; - yerləşdirmə vasitələrində; - teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində; - uşaq meydançalarında; - yerüstü qapalı və yeraltı piyada keçidlərində; - müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində; - metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda; - hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində; - hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində; - liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində; - taksafonlarda; - yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində; - mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri qeyd olunan yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. Qanunda o da qeyd olunub ki, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət obyektlərində, yerləşdirmə vasitələrində, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər. Bildirilir ki, tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir. Onu da qeyd edək ki, qanunla qadağan olunan yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər