Dünya
KİV: İran yeraltı raket obyektlərinin böyük əksəriyyətinə girişləri bərpa edib
İran 18 yeraltı raket obyektinə aparan girişlərin əksəriyyətini yenidən açmağı bacarıb. Oxu.Az CNN telekanalına istinadla xəbər verir ki, bu barədə peyk görüntülərinin təhlilinə əsaslanan məlumatda qeyd olunub. Məlumata görə, İran hökuməti sözügedən obyektlərə aparan 69 tuneldən 50-sinə girişləri bərpa edib. Bundan əlavə, Tehran bombardmanlar nəticəsində zədələnmiş hərbi bazalara gedən yolları da təmir edib. Daha əvvəl "The New York Times" qəzeti kəşfiyyat məlumatlarına istinadən İranın müharibədən əvvəlki ballistik raket arsenalının təxminən 70%-ni qoruduğunu yazmışdı. Qeyd edək ki. ABŞ və İsrail fevralən 28-də İrana qarşı müharibəyə başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp ikihəftəlik qarşılıqlı atəşkəs elan edib. Tehran məlumatına görə, 40 günlük müharibə nəticəsində ABŞ-İsrail zərbələri zamanı 3 375 iranlı həlak olub. Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, uzunmüddətli nizamlanma üzrə razılıq əldə olunmayıb. Aprelin 21-də ABŞ lideri atəşkəsin uzadıldığını elan edib, lakin İran bunu qəbul etmədiyini bildirib və öz maraqlarına uyğun hərəkət edəcəyini açıqlayıb.
Mənbə
oxu.az