Dünya
Malaziyalı nazir Norveç hökumətini müqaviləni pozmaqda ittiham etdi
"Norveçin əvvəlcədən imzalanmış müqavilə üzrə Malayziyaya gəmiəleyhinə "Naval Strike Missile" raketlərinin tədarükündən imtinası beynəlxalq razılaşmalara etimadı sarsıdır". Oxu.Az "Bernama" agentliyinə istinadla xəbər verir ki, bunu Sinqapurda keçirilən təhlükəsizlik forumunda Malayziyanın müdafiə naziri Datuk Seri Məhəmməd Xalid Nordin deyib. Müdafiə naziri ölkəsinin Norveçin qərarından dərin təəssüf hissi keçirdiyini bildirib. O qeyd edib ki, Qərb ölkələri tərəfindən bu qərara qarşı kifayət qədər tənqidlərin olmaması "təhlükəli siqnal" göndərir və bəzi dövlətlərin sanki "nəzarətdən kənar" olduğunu göstərir. Nazir, həmçinin beynəlxalq hüququn tətbiqində ikili standartların artmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələr müqavilələri pozduqda ciddi qınaq və təzyiqlə üzləşir, lakin eyni hal güclü dövlətlər və ya onların müttəfiqləri tərəfindən baş verdikdə reaksiyalar daha yumşaq olur. "Naval Strike Missile" Norveçin "Kongsberg Defence & Aerospace" şirkəti tərəfindən istehsal edilən gəmiəleyhinə raketdir. O, həm açıq dənizdə, həm də boğazlar və dar su sahələrində hədəfləri məhv etmək üçün nəzərdə tutulub, həmçinin quru hədəflərinə qarşı da istifadə oluna bilir.
Mənbə
oxu.az