İqtisadiyyat

Kənd təsərrüfatında özəl sektorun payı artırılır - Azərbaycanda yaxın beş ildə hansı işlər görüləcək?

30 May 2026, 12:36 3 baxış
Kənd təsərrüfatında özəl sektorun payı artırılır - Azərbaycanda yaxın beş ildə hansı işlər görüləcək?
"Azərbaycanın meyvə-tərəvəz, bostan məhsulları üzrə özünütəminetmə səviyyəsi 100 faizi ötüb və ölkənin aqrar ixracında da bu məhsullar mühüm paya sahibdir". Bunu Oxu.Az-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn deyib. O bildirib ki, yeni qəbul edilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-30-cu illər üçün Dövlət Proqramı" meyvə-tərəvəz sektorunun da inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
"Belə ki, 2030-cu ilə kimi intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar, müasir istixana komplekslərinin həcminin isə 500 hektar artırılması qarşıya məqsəd qoyulub. Yeni intensiv və superintensiv meyvə bağlarının salınması birbaşa məhsuldarlığın yüksəldilməsinə və ixrac potensialının genişləndirilməsinə xidmət edəcək. Bu isə öz növbəsində kənd təsərrüfatı və emal məhsullarının ixracının həcminin ortaillik 6 faiz artması hədəfinin reallaşmasına töhfə verəcək". "Məlumat üçün bildirim ki, 2025-ci ildə qeyri-neft sektoru üzrə ixracda məhsulların siyahısına nəzər salanda ilk onluqdakı məhsulların yarısının kənd təsərrüfatı sektoruna aid olduğunu görürük. Belə ki, ötən il ölkəmizdən 193 milyon ABŞ dolları dəyərində pomidor (siyahıda ikinci yer), 170 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi (dördüncü yer), 160 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı (beşinci yer), 144 milyon ABŞ dolları dəyərində xurma (altıncı yer) və 111 milyon ABŞ dolları dəyərində şaftalı (səkkizinci yer) ixrac edilib. Başqa sözlə, ilk onluqda təmsil olunan məhsulların ümumi ixrac dəyərinin təxminən yarısı kənd təsərrüfatı məhsullarına məxsusdur. Müasir istixanaların, intensiv və superintensiv meyvə bağlarının sahələrinin də genişlənməsi bu sahədə ixracın artmasında xüsusi rol oynayacaq", - deyə direktor müavini vurğulayıb. Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində 170 min hektar sahəyə müasir suvarma sistemlərinin tətbiqinin hədəflənməsi kənd təsərrüfatında su resurslarından səmərəli istifadəyə və məhsuldarlığın artmasına xidmət etməklə yanaşı, daxili bazarda bolluğa, ixrac bazarlarında isə rəqabət üstünlüyümüzün güclənməsinə təkan verəcək: "Burada mühüm bir məqamı da qeyd edək ki, yeni Dövlət Proqramı çərçivəsində qeyd edilən hədəflərə nail olmaq üçün dövlətlə yanaşı, özəl sektorun da prosesdə daha aktiv rol alması istiqamətində iş aparılacaq. Bunun üçün Dövlət Proqramı çərçivəsində qoyulacaq investisiyanın 63 faizinin özəl sektor tərəfindən reallaşdırılması nəzərdə tutulub".
Kənd təsərrüfatında özəl sektorun payı artırılır - Azərbaycanda yaxın beş ildə hansı işlər görüləcək? Kənd təsərrüfatında özəl sektorun payı artırılır - Azərbaycanda yaxın beş ildə hansı işlər görüləcək?
Mənbə oxu.az

Oxşar Xəbərlər