İqtisadiyyat
Emin Əliyev: "Parçalanmış və səmərəsiz istifadədə olan torpaq problemi həll edilməlidir"
"Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda ən diqqətçəkən məqam suvarma və konsolidasiya ilə bağlıdır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura sədrinin müavini Emin Əliyev deyib. O qeyd edib ki, hazırda Azərbaycanın torpaq çatışmazlığından daha çox, parçalanmış və səmərəsiz istifadədə olan torpaq problemi həll edilməlidir: "Proqramda bunlar əsas istiqamət kimi göstərilib: müasir suvarma sistemlərinin tətbiqi, torpaqların birləşdirilməsi, qapalı şəbəkələrin yaradılması və təsərrüfatların ölçüsünün böyüdülməsi. Onu da qeyd edim ki, ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqların 60%-i istifadəyə yararsızdır. 1-2 hektarlıq kiçik təsərrüfatlarda texnologiyanın tətbiqi, yüksək məhsuldarlığın əldə olunması, ixrac standartlarının yerinə yetirilməsi və müasir logistika sisteminin qurulması çox çətin, bəzən isə mümkün olmur. Konsolidasiya baş versə və ya dünya standartlarında kooperativləşmə təmin edilsə, böyük inqilabi dönüş nöqtəsi sayıla bilər. Burada başqa sual yarana bilər. Kiçik təsərrüfat sahibləri sıradan çıxacaqlarmı? Düşünürəm ki, müvafiq dövlət qurumları bunu nəzərə alacaq".
Mənbə
oxu.az