İdman

Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO

27 May 2026, 10:24 1 baxış
Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO
Fransa millisi ("Les Bleus" - Mavilər) son onilliyin ən dominant, ulduzlarla dolu və hər turnirdə yalnız çempionluq hədəfləyən əsl futbol imperiyasıdır. Son otuz ilin futbolda ən güclü komandalarından biri olan Fransa 1998 və 2018-ci illərdə çempion olduğu və son səkkiz turnirdə mütəmadi olaraq iştirak etdiyi dünya çempionatına 17-ci vəsiqəsini rəsmiləşdirib. Didye Deşamın yetirmələri 48 komandalı DÇ-2026-ya böyük iddialarla yollanırlar. Onların əsas məqsədi 1982-1990-cı illərdə Qərbi Almaniyanın əldə etdiyi nailiyyəti təkrarlayaraq ardıcıl üç dəfə turnirin finalında oynayan ikinci Avropa ölkəsi olmaqdır. "Mavilər", həmçinin Qətərdə Argentinaya qarşı yaşadıqları ağır məğlubiyyəti unutdurmaq üçün Şimali Amerikada əzmlə mübarizə aparacaqlar. Oxu.Az Fransa futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
1998-ci ildə çempion olan komandanın kapitanlığından 2018-ci ildə Rusiyada qazanılan zəfərin memarına qədər - Deşam Fransa millisinin ən böyük uğurlarında həlledici rol oynayıb. Qarşıdan gələn turnirdən sonra vəzifəsindən ayrılacağı təqdirdə, o, düz 14 il bu postda çalışmış olacaq. Bu isə onun taktiki zəkası, qalibiyyət zehniyyəti və komandanı bir araya gətirmək istedadının göstəricisidir. 2014-cü ildə Braziliyada komandasını 1/4 finala daşıyan Bayonna doğumlu mütəxəssis dörd il sonra onları dünya futbolunun zirvəsinə qaldırmışdı. Bununla da o, Braziliya əfsanəsi Mario Zaqallo və Qərbi Almaniyanın ikonası Frans Bekkenbauer ilə birlikdə bu kuboku həm kapitan, həm də baş məşqçi kimi başı üzərinə qaldıran üç elit şəxsdən birinə çevrilmişdi. Qətərdə "mavilər"i gümüş medallara daşıyan Deşam, ardıcıl üç dünya çempionatı finalına çıxan ilk baş məşqçi kimi tarixə düşə bilər. Üçüncü çempionluq çətin hədəf kimi görünsə də, Şimali Amerikadakı turnirdən sonra şanlı karyerasını yekunlaşdırmaq üçün bundan daha mükəmməl bir ssenari ola bilməz. Fransanın ilk dünya çempionatı Fransa 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında iştirak edib. Dənizlərlə davam edən 13 günlük səyahətdən sonra "mavilər" açılış oyununda Meksikaya 4:1 hesabı ilə qalib gəldilər. Lüsyen Loran isə Fransanın dünya çempionatları tarixində ilk qolunun müəllifi olmuşdu. Parisdə Konservatoriyadakı peşəkar vəzifələrini yerinə yetirmək üçün qalan Qaston Barro tərəfindən könüllü şəkildə çalışdırılan komanda qrupdakı digər iki matçında Argentina və Çiliyə minimal fərqlərlə məğlub olaraq turnirlə vidalaşmışdı. Baxmayaraq ki, fransızlar ilk turnirdə mübarizəni dayandırmışdılar, onlar vətənə yeni bir cığır açmağın verdiyi qürurla dönmüşdülər.
Fransanın son dünya çempionatı Fransanın Qətərdə DÇ-2022-dəki çıxışı həm nikbin, həm də fərqli prizmalardan təhlil olunan bir hekayə idi. Məsələyə müsbət yanaşanlar son çempionun ardıcıl ikinci dəfə finala yüksələrək möhtəşəm bir turnir keçirdiyini vurğulayırlar.
Bununla belə, həlledici finalın ağrılı hekayəsinə diqqət yetirənlər üçün vəziyyət daha çox məyusedici görünür. Əlavə vaxtdan sonra 3:3 hesabı ilə bitən nəfəskəsici matçın ardından, Mbappenin het-triki penaltilər seriyasında Argentinanın 4:2 qələbəsi ilə əbəs getmişdi.
Mbappenin vurduğu səkkiz qol ona "Qızıl buts" mükafatını qazandırsa da, formalarına üçüncü ulduzu tikmək fürsətini əldən verən Deşamın ulduzlarla dolu heyəti üçün bu, sadəcə kiçik bir təsəlli idi.
Franasa DÇ-2026-ya vəsiqəni necə qazanıb? "Mavilər" UEFA təsnifat mərhələsinin D qrupunun beşinci turunda, 2025-ci il noyabrın 13-də dünya çempionatına biletlərini təmin etmişdilər. Həmin gecə "Park de Prens" stadionunda Fransa Ukraynanı 4:0 hesabı ilə darmadağın etmişdi. Bu oyunda kapitan Kilian Mbappe milli komandadakı 54-cü və 55-ci qollarını vuraraq həlledici dubla imza atmışdı.
Fransa altı seçmə mərhələ oyununu məğlubiyyətsiz başa vurmuşdu. Onlardan xal almağı bacaran yeganə komanda İslandiya olmuşdu (Reykyavikdə 2:2 bərabərlik). Deşamın komandası 16 dəfə fərqlənərək qrupun ən güclü hücum xəttinə, yalnız dörd qol buraxaraq isə ən etibarlı müdafiəsinə sahib olmuşdu. Bu uğurun təməlində beş qol vuran kapitan dayanmışdı. Hər biri iki qol vuran Maykl Olise və Jan-Filip Mateta da ona layiqli dəstək vermişdilər. Bundan əlavə, Maqnes Akliuş, Bredli Barkola, Hüqo Ekitike, Kristofer Nkunku, Adrien Rabyo və Florian Toven seçmə mərhələ ərzində hərəyə bir dəfə fərqlənməyi bacarmışdılar.
DÇ-2026-da Fransanın oyun cədvəli (Bakı vaxtı ilə) Fransa DÇ-2026-da I qrupunda Norveç, Seneqal və İraq millilərinə qarşı mübarizə aparacaq. I qrupu: 16 iyun, 23:00, Fransa - Seneqal (Nyu-Cersi stadionu); 23 iyun, 01:00, Fransa - İraq (Filadelfiya stadionu); 26 iyun, 23:00, Norveç - Fransa (Boston stadionu).
Fransanın dünya çempionatlarında ən çox qol vuran oyunçusu Jüst Fontenin fransız futbolunun dahi isimləri sırasına daxil olması üçün bir dünya çempionatı kifayət etmişdi. 1958-ci ildə İsveçdə keçirilən turnirdə Mərakeş doğumlu hücumçu çıxdığı altı matçın hər birində fərqlənərək ümumilikdə 13 qol vurmuşdu. Məhz bu kəskin hücumçunun amansız bitiriciliyi sayəsində Fransa turniri üçüncü yerdə tamamlamışdı. O, bir turnirdə ən çox qol vuran oyunçu rekordunu hələ də özündə saxlayır. Son iki turnirdə (2018-də dörd, 2022-də səkkiz) ümumilikdə 12 qol vuran Mbappenin isə 2026-cı ildə öz məşhur həmyerlisini geridə qoyaraq "mavilər"in turnir tarixindəki ən sərrast oyunçusu olmaq üçün real şansı var.
Fransanın dünya çempionatlarında ən çox oyun keçirən futbolçusu Aktivində 20 oyun olan Hüqo Lloris, dünya çempionatı səhnəsində "mavilər"in ən çox forma geyinən oyunçusudur. 2023-cü ilin yanvarında beynəlxalq karyerasını başa vurduğunu elan edən "LAFC" klubunun qapıçısı, 2010-2022-ci illər aralığında dörd dünya çempionatında qapını qoruyub. O, komandasını iki dəfə finala, o cümlədən 2018-ci ildə Rusiyada kapitan kimi çempionluğa daşıyıb. Əgər Fransa DÇ-2026-da yarımfinal və ya daha irəli mərhələyə yüksələrsə və Mbappe hər oyunda iştirak edərsə, hazırda aktivində 14 oyun olan Bondi doğumlu ulduz Llorisin rekordunu geridə qoya bilər.
Fransanın dünya çempionatındakı yaddaqalan anları 1930-cu ildə ilk iştirakın həyəcanını daddıqdan sonra Fransa FIFA-nın əsas turnirində bütün duyğuları yaşayıb. 1958-ci ildə İsveçdə Jüst Fonten və Raymon Kopanın yer aldığı istedadlı komanda turnirdəki ilk böyük uğurunu qazanaraq bürünc medallara sahib çıxmışdı. 1982-ci və 1986-cı illərdə Mişel Platininin rəhbərlik etdiyi komanda yarımfinala qədər irəliləmişdi. Sevilyada Qərbi Almaniya ilə 3:3 bitən tarixi matçın ardından penaltilərdə 4:5 məğlubiyyət və Qvadalaxarada əlavə vaxtı 1:1 bitən matçdan sonra Braziliya üzərində 4:3 hesablı penalti qələbəsi bu dövrün ən yadda qalan hadisələridir.
Zinəddin Zidanın "qızıl nəsli" doğma meydanda Ronaldonun liderlik etdiyi Braziliyanı 3:0 hesabı ilə məğlub edərək adlarını Fransa futbol tarixinə qızıl hərflərlə yazdırmışdı. Lakin dünya çempionları növbəti turnirdə - Yaponiya və Cənubi Koreyada 2002-ci ildə böyük məyusluq yaşamışdılar. Qrup mərhələsində açılış oyununda Seneqala 0:1 hesabı ilə məğlub olan komanda erkən evə dönmüşdü.
2006-cı ildə Almaniyada keçirilən Dünya Çempionatının finalı (120 dəqiqəlik gərgin mübarizənin 1:1 bitməsindən sonra İtaliyaya penaltilərdə 3:5 hesablı məğlubiyyət) və ən son turnirdə Argentinaya qarşı məğlubiyyət hələ də ağrılı xatirələr olaraq qalır. 2010-cu ildə Cənubi Afrikada keçirilən turnir isə Raymon Domenekin komandasının məşqlərdən imtina etməsi və A qrupunu sonuncu yerdə başa vurması ilə tam bir xaos içərisində keçmişdi. Səkkiz il sonra isə Deşamın rəhbərliyi, Antuan Qrizmann, Mbappe, Pol Poqba və Samuel Umtitinin parlaq çıxışlarından ilhamlanan "mavilər" Rusiyada Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək ikinci dəfə idman dünyasının ən arzulanan kubokunu başları üzərinə qaldırmışdılar.
Fransa millisi Şimali Amerikaya sadəcə futbol oynamağa getmir, onlar öz imperiyalarının sərhədlərini genişləndirmək niyyətindədirlər. Kilian Mbappenin hücumları və Deşamın taktiki nizamı Fransanı yenidən dünya çempionu edə biləcəkmi?
Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO Dünya çempionatına 15 gün qaldı: FRANSA - "Mavilər" - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər