İqtisadiyyat

Azərbaycanda xəzinədarlıq sistemi tam rəqəmsallaşdırılır - VİDEO

27 May 2026, 00:18 2 baxış
Azərbaycanda xəzinədarlıq sistemi tam rəqəmsallaşdırılır - VİDEO
"Ümumiyyətlə, qeyd etdiyim ümumi maliyyə siyasəti ilə yanaşı, biz eyni zamanda icra proseslərinin sürətləndirilməsinə, şəffaflaşdırılmasına və daha da səmərəliləşdirilməsinə böyük diqqət ayırırıq. Cənab Prezidentin müvafiq fərmanı ilə yaradılmış Rəqəmsal Dövlət Maliyyəsi Sistemi artıq bu gün fəaliyyətə başlayıb. Biz büdcənin proqnozlaşdırılmasından tutmuş büdcənin icrası, xəzinədarlığın fəaliyyəti və risk əsaslı yoxlama meyarlarınadək bütün elektron platformaları vahid baza üzərində qururuq və onlar mərhələli şəkildə istifadəyə verilir". Oxu.Az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində səsləndirib.
"Bu gün artıq büdcə proqnozlaşdırılmasının böyük hissəsi elektron platformalar üzərindən həyata keçirilir. Xəzinədarlığın elektron sistemi ciddi şəkildə yenidən qurulur və artıq xəzinədarlıq ödənişlərinin bank hesablarında olduğu kimi maksimum bir gün ərzində icrasını təmin etmişik. Düşünürəm ki, yeni elektron sistemin ilin sonuna qədər tam istifadəyə verilməsi ilə bu müddət iki saata qədər azalacaq. Çünki biz xəzinədarlıq sistemini ödəniş sistemi kimi qiymətləndiririk və hesab edirik ki, elektron platformanın mərhələli şəkildə genişləndirilməsi nəticəsində benefisiar sifarişlərimizin, yəni xəzinədən istifadə edən dövlət qurumlarının potensialını inkişaf etdirərək və onlar üçün müvafiq elektron həllər təqdim edərək ödəniş müddətini ümumilikdə iki saata qədər azalda biləcəyik. Digər tərəfdən, biz elektron müqavilə portalını artıq istifadəyə vermişik və dövlət satınalmaları ilə bağlı büdcə vəsaiti hesabına bağlanan bütün müqavilələr artıq elektron qaydada tərtib olunur. Aprel ayından etibarən bütün dövlət qurumlarımız bu sistemə qoşulub. Müqavilələrin elektron qaydada tərtib və imzalanması bir tərəfdən özəl sektor üçün böyük əlçatanlıq yaradır, şəffaflığı artırır, məlumat bazasını və tərəfimizdən aparılacaq analitik imkanları genişləndirir, digər tərəfdən isə dövlət büdcəsinin gəlir və xərclərinin optimallaşdırılmasına xidmət edir", - deyə o qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər