Şou biznes
"Ruki Vverx!" qrupunun rəhbərindən şok etiraf: "Biz mütəşəkkil cinayətkar dəstənin himayəsində idik"
Rusiyanın tanınmış "Ruki Vverx!" qrupunun lideri Sergey Jukov 1990-cı illərdə şou-biznesin pərdəarxası və qorxulu tərəfləri barədə xatirələrini bölüşüb. Oxu.Az xəbər verir ki, sənətçi "RİA Novosti" agentliyinə verdiyi müsahibədə musiqi kollektivinin o dövrün məşhur "Orexovskaya" cinayətkar qruplaşmasının Roman adlı üzvünün "himayəsində" fəaliyyət göstərdiyini etiraf edib. Jukov bildirib ki, həmin illərdə şou-biznes nümayəndələrinin cinayətkar qruplar tərəfindən idarə olunması və qorunması ("krişa") kütləvi xarakter daşıyırdı. Müxtəlif mütəşəkkil cinayətkar dəstələr nüfuz dairələrinə görə fərqli bölgələrə nəzarət edirdilər. Qrup üzvləri Orexovo-Borisovo ərazisində məskunlaşdıqları üçün məhz həmin bölgənin kriminal şəbəkəsi tərəfindən "himayəyə" götürülüblər. "Bizi qoruyan Roman adlı şəxs olduqca nəhəng idi, məndən təxminən on dəfə böyük görünürdü. Qapıdan normal keçə bilmədiyi üçün içəri yan-yan daxil olması insanda qorxu yaradırdı", - deyə sənətçi xatırlayır. Sərt və qorxulu xarici görünüşünə rəğmən, Roman musiqiyə qarşı xüsusi həssaslıq nümayiş etdirib. Kollektivlə birillik iş birliyindən sonra o, qrupun ən sadiq pərəstişkarına çevrilib. Jukov qeyd edib: "O, əyləşib "Liş o tebe meçtaya" ("Yalnız səni arzulayarkən") mahnısına qulaq asanda ağlayır və "Siz bunu necə bacarırsınız?" deyə soruşurdu". İfaçı diqqətə çatdırıb ki, bu təcrübə onda cinayətkar aləmin nümayəndələrinə qarşı fərqli bir baxış bucağı formalaşdırıb. Jukovun fikrincə, Roman sadəcə səhvən "başqa bir aləmə" düşmüş adi bir gənc idi. Sənətçi onu da vurğulayıb ki, düşdüyü mühit Romanın daxili insanlığını tamamilə silməsə də, onun etdiyi qanunsuz hərəkətlərə bəraət qazandırmır və bunları geri qaytarmaq şansı da yox idi.
Mənbə
oxu.az