İqtisadiyyat
BMT rəsmisi: "Fəlakətdən zərər görmüş şəhərlər dayanıqlılıq modelinə çevrilə bilər"
"Təcrübə göstərir ki, şəhər dayanıqlılığına xərclənən vəsait artıq deyil, əksinə, bu, davamlı inkişaf üçün edilə biləcək ən strateji və ən səmərəli investisiyalardan biridir". Oxu.Az xəbər verir ki, bunu BMT-nin Türkiyə üzrə rezident əlaqələndiricisi Batatunde Ahonsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Şəhərlərin zəlzələlərə hazırlığının gücləndirilməsi, daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT həlləri" adlı konfransda bildirib. "Vətəndaş cəmiyyəti, akademik dairələr, özəl sektor və xüsusilə zərər çəkmiş icmaların özləri bərpa prosesinin fəal həmtəsisçiləri kimi bu işə cəlb olunmalıdırlar. Əlbəttə, burada BMT-nin vahid yanaşması da mühüm rol oynayır. Birləşmiş Millətlər Təşkilatının rezident komandası olaraq, biz də zərər görmüş bölgələrdə innovativ koordinasiya mexanizmləri yaradır və bu yanaşmanı bərpa səylərində praktik şəkildə həyata keçirməyə çalışırıq", - deyə BMT rəsmisi vurğulayıb. Rezident zəlzələdən sonra şəhərlərin bərpa prosesi ilə bağlı həll yollarından da danışıb: "Şəhərlər düzgün dəstəklə dayanıqlı olduqda, iqtisadi bərpanı, iş yerlərinin yaradılmasını, rəqəmsal keçidləri təşviq edə, davamlı investisiyaları cəlb edə, həmçinin sosial həmrəylik və sabitliyi gücləndirə bilirlər. Dayanıqlılıq seçim deyil, zərurətdir. Amma bu, ortaq məsuliyyət və davamlı tərəfdaşlıq fonunda liderlik və kollektivlik tələb edir. Düşünürəm ki, bu şəkildə işləsək, birlikdə fəlakətlərdən zərər görmüş şəhərləri gələcək nəsillər üçün qlobal dayanıqlılıq modellərinə çevirə bilərik".
Mənbə
oxu.az
Oxşar Xəbərlər