Belarusdan Ukraynaya o halda təhlükə ola bilər ki...
Belarus tərəfindən aqressiya yalnız o zaman potensial olaraq mümkün ola bilər ki, Ukrayna ilə sərhəddə ən azı 15 min nəfərlik hərbi qruplaşma yerləşdirilsin.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi analitik İvan Stupak deyib.
Prezident Vladimir Zelenskinin Rusiyanın Belarusu müharibəyə cəlb etmək cəhdləri barədə açıqlamasını şərh edən Stupak vurğulayıb ki, hazırda Belarus ərazisində Rusiyanın hücum qruplaşması yoxdur:
“Mənim qiymətləndirməmə görə, Ukrayna üçün təhlükə yarada biləcək və sərhəd yaxınlığında toplaşan rus hərbçilərinin minimum sayı təxminən 5 mindən başlayır. Əgər bu rəqəmdən az və ya ona bərabərdirsə, düşünürəm ki, təhlükə yoxdur. Yəni 5 min heç nə demək deyil. Amma orada 15–20 min nəfər toplansa, vəziyyət ciddi olar. O zaman həqiqətən narahat olmaq üçün səbəb yaranar, çünki bu, çox böyük saydır”, - deyə o bildirib.
Stupakın sözlərinə görə, 2022-ci ildə Belarus ərazisindən Kiyev vilayətinə daxil olan Rusiya qüvvələrinin sayı təxminən 46-47 min nəfər olub. Lakin ekspert vurğulayıb ki, hazırda Belarusda belə bir hərbi toplanma yoxdur.