Cəmiyyət
Bakı dünyaya qucaq açır: WUF13 start götürür
Bu gündən Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) işinə başlayır. Oxu.Az xəbər verir ki, tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum mayın 22-dək davam edəcək. "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan sessiyada şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları və insan rifahı ilə bağlı qlobal məsələlər müzakirə olunacaq. Açıqlanan son rəsmi rəqəmlərə görə, tədbir üçün 42 mindən çox şəxs qeydiyyatdan keçib. Tədbirə dünya ölkələrinin də marağı böyükdür. Belə ki, forumda xeyli sayda ölkənin liderləri və yüksəksəviyyəli şəxsləri iştirak edəcəklər. Həmçinin onu da əlavə edək ki, forum çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Liderlər Zirvəsi keçiriləcək. Tədbir Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq. İlk günün proqramı WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq. Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası keçiriləcək. Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi Qlobal Su Operatorlarının Tərəfdaşlıq Alyansı (GWOPA) yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunacaq.
Mənbə
oxu.az