Dünya
Artrit və osteoporozun müalicəsində yeni kəşf
Alimlər artrit, işemiya və osteoporoz kimi xəstəliklərin müalicəsində tətbiq edilməsi mümkün olan kurkuliqozid A maddəsinin laboratoriya şəraitində süni alınma üsulunu hazırlayıblar. Oxu.Az xəbər verir ki, Rusiya Təhsil və Elm Nazirliyi bu yeniliklə bağlı TASS agentliyinə açıqlama verib. Məlumata əsasən, həmin birləşmənin təbii mənbəyi sayılan "Curculigo orchis" bitkisi yox olma təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən onun təbii üsulla sənaye həcmində əldə edilməsi qeyri-mümkün idi. Tomsk Politexnik Universitetinin (TPU) mütəxəssisləri İsveçdən olan həmkarları ilə əməkdaşlıq çərçivəsində kurkuliqozid A-nın ilk süni sintez üsulunutapıblar. Bu innovativ texnologiya təbii ehtiyatların emalı ilə müqayisədə daha yüksək səmərəliliyə malikdir və növbəti tibbi-bioloji tədqiqatlara geniş imkanlar açır. Sözügedən maddə hüceyrə ölümünü ləngitmək, iltihabi prosesləri və oksidləşdirici stresi dayandırmaq qabiliyyəti ilə fərqlənir. Tədqiqat qrupu bu maddəni beş mərhələdən ibarət sintez vasitəsilə 90 faizlik səmərə ilə əldə etməyi bacarıb. Hazırlanmış yeni texnologiya həm həmin maddənin, həm də onun törəmələrinin stabil istehsalına və klinik sınaqlara cəlb olunmasına zəmin yaradır.
Mənbə
oxu.az